Patruşev: Bakı və İrəvan arasında sülh müqaviləsi hazırlanır


“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırlıq gedir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O bildirib ki, müqavilənin imzalanması üçün ilkin şərlər var.

Xatırladaq ki, sülh müqaviləsinin harda imzalanacağı ilə bağlı vaxtaşırı müzakirələr gedir. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfəri zamanı demişdi ki, müqavilənin Tbilisidə imzalanmasına razıdır. Azərbaycanlı ekspertlər və rəsmi şəxslərin fikrilərinə görə, Ermənistanla Azərbaycanın məsələsi qlobal müstəvidən regional müstəviyə, hətta yerli masalara daşınmalıdır. Bu da o deməkdir ki, sülh müqaviləsi Vaşinqtonda, Brüsseldə, digər Qərb paytaxtlarında yox, regional mərkəzlərdən birində imzalana bilər.

Ermənistan isə bu işdə daha çox Qərbmeylli siyasəti təqib edir. Mümkündür ki, bu ilin sonlarına doğru, ya da uzağı gələn ilin yanvarında iki ölkə arasında sülh müqaviləsi imzalansın. Amma bu törən böyük ehtimalla Avropada və ya ABŞ-da baş tutmayacaq. Azərbaycanın üstün mövqeyi və diqtəsi ilə Bakının istədiyi məkanda olacaq.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu il oktyabrın 10-da Bakıda səfərdə olmuşdu. Onu Prezident İlham Əliyev qəbul etmişdi.

Əliyar Xəlil
Globalinfo.az