Bakı metrosunda maşinist telefondan istifadə edə bilərmi?

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbiblinin vəzifəsindən azad edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun sükan arxasında mobil telefondan istifadə etdiyi bildirilsə də, xanım maşinist bu xəbəri təkzib edib. Ümumiyyətlə, metropoliten əməkdaşlarının mobil telefondan istifadə etməsinə icazə verilirmi?

Məsələ ilə bağlı Globalinfo.az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, G.Həbibli məlumat tələblərinə uyğun olaraq prosedur qaydalarının pozulması və digər məsələlərlə əlaqədar işdən azad olunub.

Günay Həbibli

“Maşinistlərə birmənalı olaraq mobil telefondan istifadə etmək qadağandır. Onların xüsusi rabitəsi var və o rabitə vasitəsilə distpeçerlə, eləcə də aidiyyəti üzrə rəhbər şəxslərlə əlaqə saxlamaq mümkündür. Hər bir kəs də vəzifəyə təyin olunan zaman tələblərin nədən ibarət olduğunu, nələrə diqqət və əməl edilməsini yaxşı bilir. Çünki bu adamlar (maşinistlər) 1500-1600 nəfər sərnişin daşıyır. Onların həyatını təhlükəyə atmaq olmaz. Vaqonda olan hər bir şəxs bizim əzizimizdir! Şərnişinə xidmət göstəririksə, subyektiv faktorlar maksimum dərəcədə aradan qaldırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az