44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbə Azərbaycanın regional siyasətində ciddi dəyişikliklərə səbəb oldu.
Rəsmi Bakı faktiki olaraq ideoloji kommunikasiya xətlərində Güney, Qərbi Azərbaycan, Zəngəzur hədəflərini elan edib. Yeni hədəf çoxşaxəlidir, amma nəticə təkdir – Azərbaycanın bütövləşməsi.
Maraqlıdır, Azərbaycan Prezidenti İlham Əliyev tarixi fürsətdən yararlanıb Vətəni bütövləşdirməyə, tarixi işğala son verməyə qərarlı olsa da bu necə baş verəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənov deyib ki, tarix müxtəlif sistemlərə bölünmüş dövlətlər, bir neçə yolla iki fərqli bloka bağlanmış bir xalq, iki yerə parçalanmış dövlətlər görüb:
“Əfsuslar olsun ki, bizim coğrafiyamız da bu mənfi tendeniyalardan kənarda qalmayıb, siyasi parçalanmaya məruz qoyulub, qırıq torpaq fenomeni bizim də tarixi yaddaşımıza qismət olub, vahid məkanda ortaq ünsiyyət vasitəsinin baltalanması siyasəti aparılıb.
Qərbi Azərbaycan İcmasının inzibati binasında çıxış edərkən cənab Prezident İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənilməsi haqda danışmaq bəlkə də tez idi. Dövlət başçısının bu konseptual çıxışı bir daha onu müəyyən etdi ki, siyasətdə zaman və məkan anlayışı olduqca önəmlidir.
Ölkəyə və xalqa məxsus kontekstlərdə müşahidələri nəzərə alaraq zaman və məkanın birləşməsi vacib amildir. Böyük hədəfə gedən yolda fundamental əsasları perspektivli alternativlərlə, yeni üsullarla yenidən konfiqurasiya edərək hədəfimizə çatacağıq.
Buna tarixi faktları, həm də xalqımızın tarixi yaddaşını da əlavə edərkən konseptual üstünlüklərin bizim tərəfimizdə olduğunu görür və çəkinmədən göstəririk. Belə ki, 1918-ci ildə İrəvanın tarixi səhvlə güzəştə gedilməsi, 1920-ci ildə Zəngəzurun bizdən qopardılması, tarixin müxtəlif dövrlərində xalqımızın sistematik şəkildə deportasiyaya məruz qalması, bütün tarixi torpaqlarımızın mövcud xəritələri bizə tarixi və hüquqi əsas verir ki, biz bu həqiqətləri yenidən qətiyyətli bir şəkildə gün işığına çıxardaq. Tarixi faktlar əldə var, indi isə güc mərkəzli siyasət formalaşdırmaq ən önəmlisidir ki, məhz bunun üzərində fundamental və aktiv iş gedir.
Baş verən hadisələr göstərir ki, region ölkələri arasında mövcud olan siyasi və diplomatik əlaqələr, iqtisadi mübadilələr bəlkə də passiv sülh şəraitində yaşadığımız reallığı gün işığına çıxardı. Çünki əks təqdirdə Zəngəzur dəhlizi ifadəsi İranı bu qədər qorxutmazdı. Sübut olundu ki, bölgəmizdə mövcud olan monoetnik Ermənistan və İranı ciddi şəkildə təhdid edən təhlükəli qəbilə idarəçiliyi regionda metastaz verib”.
Politoloqun sözlərinə görə, gələcək mümkün bir vəziyyət düsturuna qədər olan məsafə qəfil sıçrayışla deyil, tədricən olacaq:
“Burada isə sadəcə dövlətin üzərinə yük düşməməlidir, müvafiq qurumlar koordinasiyalı şəkildə iş aparmalıdır, o zaman tam birləşmə fundamental əsaslarla baş verəcək ki, sıx tellərin yenidən boşaldılması mümkünsüz olacaq. Könüllü birliklər, partiyalar, peşəkar qruplar, ziyalılar, siyasi elitalar, eləcə də orta fərd, milli icma geniş mənada işlər görməlidir. Yəni bu proses istənilən assosiasiya institutları əhatə etməli olsa da təkcə dövlət adamlarının, siyasi fəalların deyil, Şimaldan və Cənubdan çoxlu insanların iştirak edəcəyi əməkdaşlıq növü ilə başlamalıdır. Siyasi və iqtisadi aspektlərlə yanaşı, mədəni amillər daha önəmlidir. Mədəni əlaqələrdə atılacaq yanlış addımlar da özünü faciəvi, dramatik şəkildə nümayiş etdirə bilər. Odur ki, hədəfin real olması üçün proses çevik, aktiv və bir o qədər də təmkinlə əldə saxlanılmalıdır.
Millət quruculuğu dövlət qurulucuğundan daha çətindir. Taleyüklü qərarlarda şəxsiyyət amilinin rolu isə danılmazdır. Siyasətdə şəxsiyyət amilinin mühümlüyünün tərəfdarları hesab edirlər ki, dövlət idarəçiliyində hər şeyi insan şəxsiyyəti həll edir. Bu şəxsiyyətlər sadəcə yaşadıqları dövrün siyasi və ictimai proseslərinə qərar vermir, həm də özündən sonrakı epoxanı müəyyənləşdirirlər. Prezident İlham Əliyev xalqımızın yetişdirib dünyaya bəxş etdiyi belə bir şəxsiyyətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev mövcud tarixi fürsətdən yararlanıb Vətəni bütövləşdirməkdə, tarixi işğala son verməkdə qərarlıdır.
Bütövləşmə yolunda bu oyanış böyük şəhərlərlə məhdudlaşmamalı, ölkənin ərazisi boyunca genişlənməlidir. Eyni kökə bağlı olduğumuz həqiqəti sadiqlik hissi ilə çulğalaşmalıdır. Təbriz küçələrində dövlət başçımızın şəkillərinin asılması çox şeydən xəbər verirdi. Bu, Qarabağı Azərbaycan xalqına bəxş etmiş bir Liderə bundan sonra da göstərilə bilinəcək güvənin, eyni zamanda dəstəyin təzahürü idi. Bütün və bütöv Azərbaycan xalqı bu məsələdə də cənab Prezident İlham Əliyevin arxasındadır”.
Turan Rzayev
Globalinfo.az














