Babuxanyan: “Ukrayna dağılıb, Kiyevin gələcəyi yoxdur”

“Ukrayna NATO-ya daxil ola bilməyəcək, çünki təhlükəsizliyini itirib. Kiyevin gələcəyi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Assambleyasının üç çağırış deputatı olan Ayk Babuxanyan deyib.

O bildirib ki, Ukrayna iqtisadiyyatını itirib və böyük beynəlxalq borclar altındadır:

“1950-1991-ci illər arasında Sovet Ukraynasının əhalisi 37 milyondan 52 milyona yüksəldi. Eyni temp qorunsaydı, bu gün Ukrayna əhalisi 64 milyona qədər arta bilərdi. Lakin müstəqillik illərində Ukraynanın əhalisi 29 milyon nəfərə qədər azalıb. Təkcə son 10 ildə Ukrayna 10 milyon insan itirib”.

Ayk Babuxanyanın sözlərinə görə, birləşmiş Qərb Rusiyaya ziyan vurmaq istəsə də, Moskva sonda vəziyyəti öz xeyrinə çevirə bildi:

“Yeni ərazilər Rusiyaya qoşuldu, iqtisadiyyat xarici təsirlərə daha davamlı oldu. Ona görə də, Rusiya dünyanın ən güclü ordusuna sahib olduğunu iddia edə bilər. Maydan hadisələrinin sonrakı gərginləşməsi göstərdi ki, Rusiya və ABŞ qalib gəlib, Avropa İttifaqı və Ukrayna isə uduzub. Amma NATO-ya daxil olmaq Ukrayna üçün çox çətindir.  Ukrayna təhlükəsizliyini itirib, gələcəyi yoxdur. Ukraynada kənar nəzarət tətbiq olunub və əhali qurban verilib. Yəni Ukrayna üçüncü tərəflərin mübarizəsində dağılıb”, – Babuxanyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az