“Azov” komandirləri Kremllə Ankaranı üz-üzə qoydu: Putin-Ərdoğan görüşündə…

Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarması Rusiyada narazılığa səbəb olub. Belə ki, əsirlərin qaytarılması ilə bağlı şərtlərə görə, “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.

Ərdoğan Rusiyanın etirazına cavab olaraq məsələnin iki ölkə başçısının görüşündə müzakirə ediləcəyini bildirib.
Maraqlıdır, Ankara-Kreml gərginliyi fonunda dostluq başa çata bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Türkiyə və Rusiya heç vaxt yaxın dost olmayıb:
“Məsələ ondadır ki, mövcud geopolitik situasiya çərçivəsində tərəflər bir-biri ilə məcburi şəkildə yaxınlaşıb, hətta özlərini müttəfiq kimi göstərir.
Hər iki ölkənin geopolitik və regional maraqları fərqlidir. Bundan başqa Türkiyə NATO üzvü olan bir ölkədir və Qərblə əlaqələri yüksək səviyyədədir. Bu mənada Rusiyanın mövcud etirazları yersizdir.

Tural  İsmayılov

Ümumiyyətlə hesab edirəm ki, bu gün Rusiyanın Türkiyəyə ehtiyacı var. Yəni mövcud narazılıq bir yana Kreml Ankara ilə münasibətləri korlamağı gözə ala bilməz. Qərbin sanksiyaları fonunda bu mümkün deyil.

Bununla belə iki dövlət başçısının görüşü zamanı “Azov” komandirləri məsələsi müzakirə ediləcək. Hesab edirəm ortada bir gərginlik yoxdur. Tərəflər qısa zaman ərzində narazılıq yaradan məqamları aradan qaldıracaq”.

Turan Rzayev
Globalinfo.az