AZƏRTAC əməkdaşı Şengen ərazisinə buraxılmadı – Fransaya etiraz

Fransa Azəərbaycanın dövlət informasiya agentliyi olan Azərtac-ın müxbirinin Şengen zonasına daxil olmasına mane olmaq istəyib.

Globalinfo.az bildirir ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün Azərtac-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında jurnalist Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb.

Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.

Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib.

Qeyd edək ki, jurnalist UNFCCC-nin tədbirinə dəvət edilib və iqlim dəyişikliyi məsələsi hazırda ən aktual problemlərdən biridir.

“Jurnalistlərə qarşı Fransanın bu cür hərəkəti böyük sual doğurur – Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AZƏRTAC-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyirik.

Qeyd edək ki, bundan əvvəl də Fransa AZƏRTAC-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin “carçısı” olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.

Prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir ki, onun partiyası bu günlərdə Avropa Parlamentinə seçkilərdə də acı məğlubiyyətə uğradı. Lakin Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir və bu çirkin niyyətini artıq fərdi şəxslərə, özü də media nümayəndələrinə qarşı həyata keçirməyə başlayıb”, – Azərtac-ın bəyanatında deyilir.