Azərbaycanlı alimin dəhşət saçan silahı? – 30 min erməninin ölümü haqda GERÇƏKLƏR

Azərbaycanlı alimin dəhşət saçan silahı? - 30 min erməninin ölümü haqda GERÇƏKLƏR

*** 15 noyabr 12:10

Bu gün Ermənistanda Spitak zəlzələsinin baş verməsindən 34 il ötür. Globalinfo.az mövzunun aktuallığını və hadisənin ildönümünü nəzərə alaraq sözügedən mövzu ilə bağlı daha əvvəl yayımladığı yazını yenidən təqdim edir: 

Bu, əksər mütəxəssislər tərəfindən dünyanın ən dəhşətli silahı hesab olunur. Bir anın içində onlarla şəhəri, hətta böyük bir ölkəni Yer üzündən silə biləcək bu tektonik silahı yaradan şəxsin azərbaycanlı olduğu deyilir. Bəs doğrudanmı həmin silahdan Qarabağ münaqişəsində istifadə olunub?

Əvvəlcə, gəlin görək tektonik silah nədir. Tektonik silah yerin altında toplanan enerjidən istifadə edərək zəlzələ, vulkan püskürməsi və buna bənzər təbii fəlakətlər törədə biləcək hipotetik qurğudur. Yəni bu qurğu vasitəsilə hansısa ərazidə güclü zəlzələlər törətmək mümkündür. Amerikalı alimlər belə bir qurğunun yaradılmasını mümkün hesab etsələr də, bir çox məsələlər bu gün də sirr kimi saxlanılır.

Bu yazıda azərbaycanlı alimin tektonik silah yaratması ilə bağlı iddiadan bəhs edəcəyik. Hansı ki, ermənilər məhz bu silahla azərbaycanlı alimin 30 mindən çox erməninin həyatına son qoyduğunu deyirlər.

Globalinfo.az bildirir ki, fəaliyyəti indiyə qədər Rusiya arxivlərində gizli saxlanılan bu şəxs azərbaycanlı seysmoloq İkram Kərimovdur. İkram Hacı oğlu Kərimov Ağdam rayonunda anadan olub. O, gənc yaşlarında görkəmli seysmoloq Şamo Rəhimovun tövsiyəsi ilə seysmologiya ixtisasını seçib. Məhz bu qərar onun həyatında həlledici rol oynayıb.

1968-ci ildə SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi tektonik silahın kəşf edilməsi üçün tədqiqat işlərinə cəlb edib. “Merkuri-18” adlı bu məxfi proqramın əsas hədəfi bəlli idi – tektonik silah yaradıb, ABŞ-a təzyiq etmək.

Bir neçə illik sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi İkram Kərimovun yeni metodunu qeydə aldı. Bu kəşf SSRİ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tektonik silahın hazırlanması layihəsində istifadə edilməyə başlandı. SSRİ Nazirlər Kabinetinin 1384-345 nömrəli qərarı ilə 30 noyabr 1987-ci ildə İkram Kərimov və onun qrupuna böyük səlahiyyət verildi. Bu, son dərəcə məxfi və həyati əhəmiyyətli əməliyyat idi. SSRİ Müdafiə Nazirliyinin qərarına əsasən, İkram Kərimov və qrupunun küçəyə baxan otaqlarda tədqiqat aparması qadağan edilmişdi. Bunun əsas səbəbi casusların dinləmə cihazlarının pəncərədən içəri atılması ehtimalı idi.

Tektonik silahla bağlı hər şey planlaşdırıldığı kimi gedirdi, lakin SSRİ-nin dağılması İkram Kərimovun planlarını tam həyata keçirməsinə mane oldu. Daha sonra isə onun araşdırma qrupu da dağıldı.

Bütün gizli əməliyyatlara rəğmən, Amerika kəşfiyyatı azərbaycanlı alimin tektonik silah ideyasından xəbər tutur… və çox keçmir ki, arzuolunmaz hadisə baş verir…

1995-ci ildə İkram Kərimovun ofisinə basqın edilir, bir çox əhəmiyyətli sənədlər oğurlanır. Kərimov respublikanın o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasova yazdığı məktubda “xüsusi mövzular üzrə aparılan araşdırmaların nəticələrinə dair son dərəcə məxfi məlumatların əsas hissəsinin oğurlandığını” bildirir. Oğurlanan sənədlərin içində tektonik silahla bağlı mühüm məlumatların da olduğu qeyd edilir.

Sözügedən basqınla bağlı istintaqın gedişi barədə məlumat yoxdur. Lakin əsas versiyalardan biri budur ki, İkram Kərimovun tektonik silah araşdırmalarının olduğu sənədləri Amerika kəşfiyyatı oğurlayıb.

Hadisədən sonra onun tədqiqat qrupuna daxil olan mütəxəssislər dünyanın müxtəlif ölkələrinə köçürlər, bəziləri isə müəmmalı şəkildə vəfat edir. İkram Kərimovun bu qəbildən araşdırmalarının sonrakı taleyi isə sirr kimi qalır.

Tektonik silahlardan hərbi münaqişələrdə də istifadə edilməsi versiyası zaman-zaman gündəmə gəlib. Xüsusən II Rus-Çeçen müharibəsi ərəfəsində bu silahla bağlı iddialar səsləndirilib. 1998-ci ilin fevralında Rusiyanın “Kommersant” qəzeti yazırdı:

“Çeçenistan Təhlükəsizlik Xidməti rəsmi Moskvanı paytaxt Qroznıda zəlzələ törətməyə hazırlaşmaqda ittiham edir. Qeyd edilir ki, fevralın 23-də Çeçenistanın paytaxtında dəhşətli zəlzələ törədiləcək. Bu, öz miqyasına görə 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən daha dəhşətli olacaq”.

Bundan başqa, Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın 1991-ci ildə CBS kanalının müxbirinə dediyi sözlər xatırlanır: “Tektonik silahlar Sovet ordusu tərəfindən yenidən tətbiq olunmağa başladı – bu dəfə Gürcüstanda. Bu vaxta qədər isə Ermənistanın Spitak şəhərində tətbiq olunmuşdu”.

Azərbaycanlı alimin dəhşət saçan silahı? - 30 min erməninin ölümü haqda GERÇƏKLƏR

Bu məlumatlarda Spitak zəlzələsinin adının tektonik silahla yanaşı çəkilməsi təsadüfi deyil. Belə ki, bəzi erməni alimləri bu gün də İkram Kərimovu Spitak zəlzələsini törətməkdə ittiham edirlər. Onlar hesab edirlər ki, Qarabağ münaqişəsinin qızışdığı bir vaxtda İkram Kərimov yaratdığı tektonik silahı Ermənistanın üzərində sınayıb və bu yolla ermənilərdən qisas alıb.

Məlumat üçün bildirək ki, Spitak zəlzələsi nəticəsində rəsmi mənbələrə görə, 25 min erməni həlak olub, 150 mini yaralanıb, yarım milyondan çoxu evsiz qalıb. Qeyri-rəsmi mənbələrdə isə ölü sayının 30 mini ötdüyü bildirilir. Məhz Qarabağ münaqişəsinin qızışdığı bir vaxtda belə dağıdıcı zəlzələnin baş verməsi erməni alimləri tektonik silah variantı üzərində düşünməyə vadar edib.

Bəs doğrudanmı Ermənistan şəhərlərini yerlə-yeksan edən Spitak zəlzələsi İkram Kərimovun yaratdığı silahla törədilib? Bu iddia ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, birmənalı, yekun cavab tapmaq çətindir. Lakin ermənilərin bu ittihamının əsassız olduğunu elə onların öz ekspertləri sübuta yetirir. “Noravank” elm fondunun direktor müavini, ekspert Ara Mərcanyan Spitak zəlzələsi ilə bağlı bunları deyib:

“Spitak zəlzələsinin azərbaycanlı alimin tektonik silahı ilə törədilməsi haqda deyilənlər mifdir, yalandır. Əminliklə deyə bilərik ki, bu mif postsovet məkanında tətbiq edilən informasiya-psixoloji təxribatların ilk nümunələrindən biridir”.

Göründüyü kimi, Spitak zəlzələsini azərbaycanlı alimin tektonik silahla törətməsi barədə deyilənləri erməni mütəxəssis özü təkzib edir. Yəni Azərbaycan bu dəhşətli zəlzələnin baş verməsində mənfi mənada heç bir rol oynamayıb. Əksinə, Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardıma gedənlərdən biri Azərbaycan olub. Həmin vaxt təbii fəlakətdən zərər çəkənlərə yardım etmək üçün Bakıdan fəlakət zonasına azərbaycanlılardan ibarət böyük bir qrup təyyarə ilə yola düşüb. Lakin bu təyyarə müəmmalı şəkildə qəzaya uğrayıb və nəticədə 78 azərbaycanlı həlak olub.

Bütün deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Spitakdakı zəlzələ ötən əsrin ən dağıdıcı təbii fəlakətlərindən biridir. Azərbaycan hətta münaqişə vəziyyətində olmasına baxmayaraq, həmin vaxt erməni xalqına yardım əlini uzatmışdı.

İkram Kərimova gəldikdə isə… Erməni alimlərin onunla bağlı iddiaları əsassız olsa da, əsaslı olan bir həqiqət var: Azərbaycan xalqının övladı İkram Kərimovun adı iki dünya supergücü Rusiya və ABŞ-ın arxivlərində bu gün də qalmaqdadır.

Aqşin Evrən
Globalinfo.az