Azərbaycanla bağlı sensasion qərar: böyük güclərin İran planının ŞOK DETALLARI üzə çıxır

Azərbaycanla bağlı sensasion qərar: böyük güclərin İran planının ŞOK DETALLARI üzə çıxır

İran 2023-cü ilə Azərbaycanı hədələyərək başladı. Belə ki, SEPAH Azərbaycana qarşı növbəti təhdid və provokasiya elementləri əks etdirilən videoçarx yayıb.

Videoçarxda İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından Azərbaycana doğru addımladığı əks olunub. Diqqətçəkən məqam isə bayrağın üzərində “Qüdsə gedən yol” yazısının olmasıdır. Molla rejimi bununla bir daha Qüdsə gedən yolun Bakıdan keçdiyi mesajını verir.

Qüdsə gedən yol niyə Bakıdan keçir?

Bu, İranın SEPAH üzərindən Azərbaycana ilk “mesajı” deyil. Ötən il bir neçə dəfə molla rejimindən ölkəmizə təhdid gəlib. 2022-ci ilin payızında SEPAH-ın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, təlimlər zamanı Araz çayını keçməyi imitasiya etməsi, bəyanatları unudulmayıb. Görünən odur ki, rəsmi Tehran 2023-cü ildə də ölkəmizlə təhdid dilində danışmağı davam etdirməyi planlaşdırıb.

Buna baxmayaraq, molla rejiminin SEPAH üzərindən Bakıya ünvanladığı son təhdidlərdə “Qüdsə gedən yol”, başqa cür desək, “Qüdsə gedən yol Bakıdan keçir” şüarından tez-tez istifadə etməsi diqqət çəkir. Belə bir sual yaranır:

Qüds hara, Bakı hara?

İranın qərbində qalan Qüdsə yol niyə məhz şimalındakı Bakıdan keçsin?

Aydın məsələdir ki, molla rejimi “Qüdsə gedən yol Bakıdan keçir” mesajını verərkən heç də “öncə Bakını ələ keçirəcəyik, daha sonra Qüdsü” demək istəmir. Burada söhbət Bakının əsas müttəfiqlərindən olan İsraili də hədəf aldığını bildirir.

SEPAH-ın Azərbaycana qarşı növbəti təhdid və provokasiya elementləri əks etdirilən videoçarx yaymasının əsas səbəbi isə şübhəsiz, Azərbaycanın İsraildə səfirlik açmaq qərarıdır.

Azərbaycanla bağlı sensasion qərar: böyük güclərin İran planının ŞOK DETALLARI üzə çıxır

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan etdi ki, İsraildə səfirlik, Fələstində nümayəndəlik açılacaq. Hətta elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycanın İsraildəki ilk səfiri təyin edildi.

30 il erməni işğalı zamanı məscidlərdə donuz saxlanmasına dinməyən, Qarabağın – müsəlman torpaqlarının – işğalına dəstək verən rəsmi Tehran, görünür, bu qərardan bərk qəzəblənib. İsraili hədələməkdən o yana keçə bilməyən İran, Azərbaycanın səfirlik açmaq qərarına qəzəbini isə cılız videoçarxlar paylaşmaqla göstərir.

Tehranın ətrafında çəmbər daralır

İranın ölkəmizi təhdidləri cavabsız qalmadı. SEPAH-ın hərbi təlimlərinə və hədələrinə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və digər hərbi birləşmələrin İranla sərhəddə təlim keçməklə cavab verildi. Bu təlimlərdə Türkiyə hərbçilərinin də iştirakı İranın qanını qurutdu, dodağını uçuqlatdı.

Tehrandan səsləndirilən siyasi təhdidlərə də Azərbaycanın cavabı özünü çox gözlətmədi. Başda Prezident İlham Əliyev olmaqla Bakı bu hədə dolu açıqlamalara tutarlı cavablar verdi. İlham Əliyev bir neçə dəfə İranda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat səsləndirdi. Azərbaycan mediası İranın yandaş mediasından və təriqət-təxribat TV-lərindən ölkəmizə ünvanlanan şər-böhtan dolu verilişlərə olduqca sanballı verilişlərlə, məqalələrlə qarşılıq verdi. Son 30 illik tarixdə ilk dəfə idi ki, Azərbaycan İranın hədələrinin, təxribatlarının qarşısından qaçmadı. Əksinə, molla rejimini dediklərinə, atdığı addımlara görə peşman etdi.

İranın təhdidlərinin ən pik vaxtında, ötən ilin oktyabr ayının 21-də Zəngilan hava limanının açılış mərasimi gerçəkləşdi. Həmin açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı İran üçün öldürücü zərbə oldu.

“Qüdsə gedən yol Bakıdan keçir” mesajının yayıldığı günlərdə İran üçün daha bir öldürücü xəbərlər yayıldı. Belə ki, 16-18 yanvar 2023-cü il tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail XİN mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçiriləcək. Aydın məsələdir ki, SEPAH-ın məlum videoçarxından sonra bu toplantının Bakıda keçirilməsi təsadüfi deyil.

Birincisi, bundan öncəki toplantı Moskvada keçirilmişdi. Ukrayna müharibəsi səbəbindən rəsmi Təl-Əviv bu dəfə Moskvadan imtina edib və ilk dəfə olaraq tədbir Bakıda təşkil ediləcək. Keçiriləcək məsləhətləşmələrin əsas mövzusu isə həm Ukraynadakı müharibə, həm də İran-İsrail qarşıdurması kontekstində regionda çətin vəziyyət, 2023-cü il üçün planlardır. Görünür, Tehranın Bakıya artan təzyiqləri fonunda rəsmi Təl-Əviv regionda çəkisini daha da artıracaq və Azərbaycanla münasibətləri sıxlaşdıracaq.

İkincisi, Ukraynadakı müharibə aydın olsa da, əsas diqqətçəkən məsələ İran-İsrail qarşıdurması və regionun ümumi dəyərləndirilməsidir. Aydın məsələdir ki, İsrail İran ətrafında beynəlxalq və regional koalisiya yaratmağa çalışır. Bu istiqamətdə ən diqqətçəkən məqam Təl-Əvivin müsəlman ölkələri ilə mövcud problemləri aradan qaldırmasıdır. İsrailin yeni xarici işlər naziri Eli Koen də bu məsələ ilə bağlı “İsrailin müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət yetiriləcək” demişdi.

Rəsmi Bakı hazırda İsrailin müsəlman ölkələri ilə münasibətləri normallaşdırmasında ən önəmli aktordur. Prinsip etibarilə İsrailin həm Türkiyə, həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmasında Bakının vasitəçiliyi olduqca önəmlidir. Mümkündür ki, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin, İsrail XİN mərkəzi aparatının yüksək vəzifəli məmurlarının məhz Bakıda bir araya gəlməsinin bir səbəbi də budur.

Üçüncüsü, İsrail müsəlman ölkələri ilə münasibətləri normallaşdırdığı bir zamanda özünü “islam ölkəsi” adlandıran İran Azərbaycan, Pakistan, Əfqanıstan, Körfəz ölkələri, İraq və Səudiyyə Ərəbistanı ilə münasibətləri gərginləşdirir. Rəsmi Təl-Əviv bundan ustaca istifadə edərək həmin ölkələrlə yüksək əlaqələri olan digər müsəlman ölkəsi Azərbaycan vasitəsilə münasibətləri qaydaya salır.

Azərbaycanla bağlı sensasion qərar: böyük güclərin İran planının ŞOK DETALLARI üzə çıxır

Nəticə etibarilə rəsmi Bakı 30 il ərzində İrana qarşı heç bir koalisiyaya, heç bir sanksiya paketinə qoşulmasa da, Tehranın artan təhdidləri fonunda milli və geosiyasi maraqlarını qorumaq üçün xarici siyasət kursunda dəyişiklik edir.

Yeri gəlmişkən, bu gün İranla bağlı ABŞ-dan da olduqca ilginc bəyanat gəldi. Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasını İranla ikitərəfli münasibətlərin gündəliyindən çıxarmaq qərarına gəldiyini bildirib. Bu haqda Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Beləliklə, böyük güclərin İranla bağlı mövqeyinin dəqiqləşməsinə şahidlik etməkdəyik. Bu məsələdə Bakının rolu və yeri olduqca əhəmiyyətlidir. Azərbaycan artıq regional mərkəz olmaqla yanaşı, sürətlə qlobal gücə çevrilir. Ölkəmizin də yaxından iştirakı ilə nəhəng proseslərə start verilir. Artıq dünyanın, bölgənin taleyi yalnız Rusiya-Ukrayna cəbhəsində həll edilmir. Həm də bu məsələ İranla bağlı ciddi mərhələyə qədəm qoyub. İsrail Ukraynaya münasibətdə nə qədər təmkinli davransa da, İranla bağlı əsla belə görünmür.

Beynəlxalq birlik İranı bəşəriyyət üçün heç də Rusiyadan az təhlükəli görmür. Deyəsən, düyməyə basılıb və İranla bağlı proseslər geriyədönməz yön alıb. Bu məsələdə Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Həm də tarixi şans ayağımıza qədər gəlib. Azərbaycanın birləşməsi, Güney-Quzey həsrətinin sona çatması xəyal kimi görünmür. İranın parçalanması bir neçə dövlətin yaranmasından çox, iki Azərbaycanın birləşməsi konsepsiyasının gerçəyə çevrilməsi kimi görünməkdədir.

Azərbaycan ərazi bütövlüyünü yalnız ermənilərin işğalındakı torpaqları azad etməklə bitmiş saymır. Məsələ daha qlobaldır…

Turan Rzayev
Globalinfo.az saytının siyasi yazarı