Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRİKS+” formatının ilk plenar iclası keçirildi. Azərbaycan da bu tədbirdə iştirak edən ölkələr sırasında idi. Tədbirə dəvət olunan ölkə rəhbərləri arasında bir çox əhəmiyyətli məsələlər müzakirə olundu. Azərbaycan ictimaiyyəti üçün diqqət çəkən əsas məqamlardan biri də Ermənistan Baş naziri Nikol Paşinyanla Prezident İlham Əliyev arasında vasitəçisiz görüşün baş tutması idi. Paralel olaraq Azərbaycanın BRİKS-ə üzvlüyü məsələsi gündəmdə çıxdı.
Bu proses baş tutacaqmı?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, BRİKS təşkilatı dünyada ikinci qütbə, güc mərkəzinə çevrilmə istiqamətində addımlar atır:
“Kazan görüşündə iştirakçıların say tərkibi və orada müzakirə edilən məsələlər bu iddianın göstəricisi sayıla bilər. Dünya ümumdaxili məhsulunun məhz 37 faizi bu ölkələrdə cəmləşib. Əhali sayı, ərazisi, yeraltı resursları, siyasi iddialar və hərbi güc baxımından BRİKS dünyada ikinci qütb rolunu oynamağa cəhd edir. Bu istiqamətdə mühüm addımlar atılır. Beş üzvlə başlayan təşkilatın artıq 11 üzvü var. Xeyli sayda ölkə müşahidəçi qismində qəbul olundu. Tədbirdə təxminən 35-ə yaxın ölkə iştirak etdi.
İqtisadi gücünə görə ikinci yerdən birinciliyə çıxmağa hazır olan, hərbi-iqtisadi gücünü ciddi formada artıran, siyasi iddiaları ortaya qoyan Çinlə bərabər Rusiya, Hindistan və Braziliya kimi dövlətlər müəyyən istiqamətlərdə addımlar atırlar. Ən çox gözlənilən məsələlərdən biri isə gələcəkdə üzv ölkələr arasında ticarətdə ödənişlərin hansı valyutalarla aparılacağı idi. Gələcəkdə bu məsələnin də gündəmə gəlməsi gözləniləndir. Tək qütblü dünyadan çox qütblü dünyaya keçidlə bağlı prosesdə BRİKS-in böyük rolu olacaq”.
Oqtay Qasımov qeyd edir ki, BRİKS qlobal Cənubu təmsil edən ölkələr qrupudur:
“O ölkələrin əksəriyyəti Qərbin apardığı siyasətdən narazıdır. Dünyada mövcud düzəni də qəbul etmək istəmirlər. BMT-nin yenidən qurulması, strukturunun yenidən təkminləşdirilməsi ilə bağlı zaman-zaman təkliflər səsləndirilir.
Oqtay Qasımov
Digər tərəfdən Azərbaycan da BRİKS-ə üzvlüklə bağlı müraciət edib. Dünənki iclasda bu məsələyə baxılmasa da rəsmi Bakı faktiki olaraq artıq seçimini edib. Amma BRİKS-ə üzv olmaq Qərb və digər qütblərlə münasibətlərin kəsilməsi kimi anlaşılmamlıdır. Azərbaycan çox vektorlu siyasət aparmaqda davam edir. Qoşulmama Hərəkatına da rəhbərlik edib. Bu hərəkatda Azərbaycanın kifayət qədər rolu və mövqeyi var. Təşkilatın strukturlarının yenidən formalaşdırılması və işlək hala gətirilməsi rəsmi Bakının təşəbbüsləri ilə həyata keçirilib. Bu addımlar son dövrlərdə daha çox nəzərə çarpacaq səviyyədədir. Ona görə də Azərbaycanın BRİKS-ə üzvlük məsələsi yaxın perspektivdə mümkün ola bilər. Təşkilata üzv olan ölkələr arasında bir neçə istisna dövləti çıxmaqla digər ölkələrlə Azərbaycanın münasibətləri kifayət qədər konstruktivdir. Bu qurumun ən güclü dövlətlərindən olan Çin, Rusiya və Braziliya Azərbaycanın sözügedən təşkilata üzvlüyünü dəstəkləyirlər”.
Politoloq BRİKS-ə üzvlüyün Azərbaycana nə vəd etdiyi məsələsinə də aydınlıq gətirib:
“Rəsmi Bakı yerləşdiyi coğrafi, strateji mövqeyinə, son illər dünyada artan nüfuzu, kommunikasiyaların kəsişmə coğrafiyasında yerləşdiyinə görə kifayət qədər böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, BRİKS-in yerləşdiyi coğrafiyanın əhəmiyyətli hissəsi həm də türk dövlətləri, türk dünyası ilə əlaqəlidir. Azərbaycanın da Türk Dövlətləri Təşkilatının gələcəkdə qlobal aktora çevrilməsi istiqamətində cəhdləri var. Bu sahədə konkret addımlar da atılmaqdadır. Həm bu amil, həm də BRİKS-lə əlaqələr Azərbaycana kifayət qədər dividentlər qazandıra bilər. Çünki ticarət dövriyyəsinin artması, texnolohiyalarla bağlı məsələlər də də mühüm irəliləyişlər əldə edilə bilər. Məlum olduğu kimi təşkilata üzv olan ölkələr arasında Çin, Hindistan və s. yüksək texnologiyalara sahibdirlər. Burada sənaye də ciddi formada inkişaf edir. Bu baxımdan qarşılıqlı şəkildə faydalılılq cəhətdən BRİKS-lə münasibətlərin inkişafı Bakının maraqlarına tam cavab verir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
Safura Bənnayeva
Globalinfo.az














