“Birləşmiş Ştatlarda, Fransada, Rusiyada və dünyanın müxtəlif ölkələrində qondarma erməni soyqırımı və Qarabağın Azərbaycandan qopardılması məsələsində fəallıq və barışmazlıq nümayiş etdirən şəxslərin böyük əksəriyyətinin həm də öz şəxsi biznes maraqları uğrunda “savaşdıqları” barədə dəfələrlə yazmışam. Bu gün məhz erməni diaspor təşkilatlarının rəhbərlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına rəsmi İrəvandan və Ermənistan vətəndaşlarının böyük əksəriyyətindən daha çox dirəniş göstərmələrinin səbəblərindən biri də budur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli qeyd edib.
E.Mirzəbəylinin sözlərinə görə, vaxtilə işğal altında olan Azərbaycan ərazilərindəki təbii resursların talanması prosesində erməni diasporunun nümayəndələri də rol alıblar, müharibə cinayətkarları Robert Köçəryan, Serjik Sərkisyan və onların tör-töküntüləri ilə işbirliyində olublar:
“Belə şəxslərdən biri də Amerika Erməni Assambleyasının (AAA – www.aaainc.org) həmsədrlərindən biri olan Van Krikoryandır. Krikoryan, eyni zamanda qondarma soyqırımı ilə bağlı erməni yalanlarını körükləməkdə olan Erməni Milli İnstitutununun (www.armeniangenocide.org) rəhbəridir.
Uzun illər boyu vəkillik fəaliyyəti ilə məşğul olan, ATƏM-in 1991-ci ildə Moskvada keçirilən toplantısına ABŞ nümayəndə heyətinin üzvü kimi qatılan, hətta qısa zaman kəsiyində Ermənistanın BMT-dəki təmsilçisinin müavini və müşaviri olan Van Krikoryanın 2003-cü ildən etibarən birdən-birə mərkəzi ofisi Nyu-Yorkda yerləşən Qlobal Qızıl Korporasiyasına (Global Gold Corporation) qoşulması, 2007-ci ildən isə sözügedən korporasiyanı tamamilə ələ alması, Amerika Erməni Assambleyasının tərcümeyi-halında ən diqqətçəkən məqamlardan biri kimi qiymətləndirilə bilər. Xatırladım ki, Van Krikoryan müharibə canisi Robert Köçəryanın 1998-ci ildə hakimiyyəti mənimsədikdən sonra onunla ən sıx təmasda olan və tez-tez görüşən diaspor rəhbərlərindən biridir. Köçəryan ikinci dəfə prezident “seçildikdən” qısa müddət sonra Krikoryanın Qlobal Qızıl Korporasiyasında “lövbər salması” da, qənaətimə görə, təsadüfi deyil. Bu xüsusda, məhz 2003-cü ildən başlayaraq, həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərindəki qızıl yataqlarının, o cümlədən Zod, Vejnəli qızıl mədənlərinin talan edilməsinin intensiv xarakter alması da nəzərdən qaçırılmamalıdır”.
Siyasi şərhçi güman edir ki, talanın nəticəsi olaraq, Van Krikoryan 2007-ci ildən Qlobal Qızıl Korporasiyasına, demək olar ki, tamamilə sahiblənməyi bacarıb:
“Onu da qeyd edim ki, Krikoryan digər müharibə caniləri Serj Sərkisyan və onun separatçı marioneti Bako Saakyanla da isti və “işgüzar” münasibətlərdə olub…
Qənaətimə görə, vaxtilə işğal altında olan Azərbaycan ərazilərindəki təbii resursların qeyri-qanuni istismar edilməsinin araşdırılması prosesində erməni diasporunun Van Krikoryan kimi rəhbərləri də diqqətdən kənarda qalmamalı, bu gün Azərbaycan-Ermənistan, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına mane olan, nifrət aşılayan erməni diasporunun gerçək dələduz, soyğunçu və qaniçən siması konkret faktlarla ifşa olunmalıdır”.
Gülnar Səlimova
Globalinfo.az