“Laçın-Xankəndi yolunda buraxılış məntəqəsinin quraşdırılması gözlənilən proses idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Azərbaycanın Laçın-Xankəndi yolunda post qurması və sonrakı hədəfləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Xankəndi üzərində qanuni hakimiyyətini bərqərar etmək üçün bir neçə cəbhədən strateji addımlar atdı:
“Diplomatiya uğurla aparıldı. Ordu önəmli irəliləyişlər və əməliyyatlar həyata keçirdi. Eko aktivistlər Laçın yolundan qanunsuz istifadəni məhdudlaşdırdı. Zabux və Cağazur kəndləri arasında önəmli yüksəkliklər, köhnə və yeni Laçın yolunun nəzarətə götürülməsi artıq separatçıların nəfəsliyini bağladı.
Züriyə Qarayeva
Bu durumda Laçın yolunda postun quraşdırılması yolunda əngəllər də aradan qalxmış oldu. Çünki onsuz da post quraşdırılmasa belə yoldan qanunsuz istifadə məhdudlaşdırıldığına görə, məntəqəyə etiraz etmək üçün əsasları qalmırdı.
Bu hadisə olduqca önəmli qələbədir. Azərbaycanın Xankəndi üzərində faktiki hakimiyyətinin qurulması deməkdir. Bu durumda Rusiya sülhməramlılarına bölgədə ümumiyyətlə ehtiyac qalmır. Belə bir ehtiyac var idisə də, onlar bu missiyanın öhdəsindən gələ bilməmişdi. Məqsədləri sadəcə separatizmi alovlu vəziyyətdə saxlamaqla, varlıqlarına ehtiyac görüntüsü yaratmaq idi.
Bakı isə real görüntünü hər kəsin gözündə sərgilədi. Separatçıların isə resurslarının daşınması mümkün olmadığına görə, Rusiyanın da bölgə ilə bağlı hədəfləri suya düşmüş oldu. Beləcə, ölkəmiz nəzarət məntəqəsi quraşdırmaqla Ermənistanı da, Rusiyanı da neytrallaşdırdı. Növbəti tələb Xocalı və Sərsəng su anbarı ilə bağlı olacaq”.
Turan Rzayev
Globalinfo.az














