Qloballaşan dünyada dövlətlərin beynəlxalq nüfuzu təkcə rəsmi diplomatiya ilə deyil, xaricdə yaşayan soydaşların fəaliyyəti ilə də formalaşır. Bu baxımdan diasporun gücləndirilməsi və lobbiçilik imkanlarının artırılması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsində mühüm rol oynayır. Son illər bu istiqamətdə müəyyən irəliləyiş əldə olunsa da, qarşıda hələ də vacib vəzifələr qalır.
Diaspor fəaliyyətinin səmərəliliyini artırmaq üçün nə kimi addımlar atılmalıdır? Lobbiçilik imkanlarının genişləndirilməsi istiqamətində hansı yeni mexanizmlər tətbiq edilə bilər?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, qloballaşan dünyada dövlətlərin beynəlxalq nüfuzu və xarici siyasətdə uğuru, böyük ölçüdə, xaricdə yaşayan soydaşların və diaspor təşkilatlarının fəaliyyəti ilə formalaşır:
“Bununla bağlı çoxsaylı nümunələr göstərmək mümkündür.
Məsələn, ABŞ-da müxtəlif xalqları təmsil edən diaspor təşkilatları fəaliyyət göstərir və onlar müəyyən hallarda ölkənin həm daxili, həm də xarici siyasətinə təsir edə bilirlər. Bu fakt göstərir ki, müasir dövrdə diaspor təşkilatları kifayət qədər böyük təsir imkanlarına malikdir.
Oxşar nümunələri Fransada da müşahidə etmək olar. Uzun illərdir fəaliyyət göstərən diaspor qrupları ölkənin xarici siyasət kursuna, eləcə də müxtəlif regionlarda həyata keçirilən strateji qərarlara müəyyən təsir göstərmək imkanına sahibdirlər. Bu təsirin müsbət və ya mənfi tərəflərini bir kənara qoysaq belə, aydın görünür ki, diaspor və lobbiçilik fəaliyyəti müasir dövrün ən mühüm siyasi alətlərindən biridir.
Bu baxımdan Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması üçün diaspor potensialından səmərəli istifadə olunması olduqca vacibdir. Düzgün strategiya tətbiq edilməklə bu sahədə mühüm uğurlar əldə etmək mümkündür.
Azərbaycanda da diaspor fəaliyyəti ilə bağlı müəyyən strategiya və yanaşmalar mövcuddur. Bu gün Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Bəzi ölkələrdə bu fəaliyyət nisbətən zəif olsa da, bir sıra dövlətlərdə kifayət qədər fəaldır. Bu isə həmin ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi üçün mühüm imkanlar yaradır. Bütün bunlar göstərir ki, diaspor fəaliyyəti dövlətin strateji siyasətinin vacib istiqamətlərindən biri hesab oluna bilər.
Eyni zamanda diaspor və lobbiçilik fəaliyyətinin səmərəliliyinin artırılması üçün dövrün çağırışlarına uyğun şəkildə davamlı təkmilləşdirmə işlərinin aparılması zəruridir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Forumu olduqca mühüm platformadır. Forum müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və fəaliyyətin koordinasiyasına mühüm töhfə verir”.

Azər Allahverənov
Onun sözlərinə görə, forum diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir:
“Bu tədbirlərdə diasporun üzləşdiyi problemlər müzakirə olunur, fəaliyyət istiqamətləri müəyyən edilir və onların yaşadıqları ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi üçün konkret tövsiyələr verilir. Sonrakı mərhələdə isə həmin tövsiyələrin müxtəlif ölkələrdə uğurla həyata keçirildiyini müşahidə edirik. Nəticədə ölkəmizin milli maraqlarının beynəlxalq səviyyədə daha effektiv müdafiəsi təmin olunur.
Bu baxımdan “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etmək lazımdır. Bir çox ölkədə bu təşəbbüs məhz diaspor təşkilatlarının fəal dəstəyi ilə həyata keçirilib və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verib.
Diaspor və lobbiçilik fəaliyyəti ilə məşğul olan təşkilatlar eyni zamanda dövlətin simasını və nüfuzunu təmsil edirlər. Buna görə də onların fəaliyyətinin daha səmərəli təşkili üçün müasir çağırışlara uyğun strategiyaların hazırlanması, eləcə də həmin strategiyaların icrasını təmin edən mexanizmlərin formalaşdırılması vacibdir.
Dünya sürətlə dəyişir və yeni texnologiyalar bütün sahələrdə olduğu kimi diaspor fəaliyyətində də yeni imkanlar yaradır. Rəqəmsal texnologiyalar və kommunikasiya vasitələri bu gün qlobal informasiya məkanının əsas hərəkətverici qüvvələrindən biridir. Buna görə də diaspor təşkilatları da bu imkanlardan geniş istifadə etməli, fəaliyyətlərini müasir rəqəmsal alətlər üzərində qurmalıdırlar”.
Deputat qeyd edib ki, bu yanaşma virtual əlaqələrin gücləndirilməsinə, operativ koordinasiyanın təmin olunmasına və Azərbaycanın milli maraqlarına uyğun informasiyanın beynəlxalq auditoriyaya daha sürətli çatdırılmasına şərait yaradır:
“Xüsusilə informasiya müharibələrinin geniş vüsət aldığı indiki dövrdə bu məsələ əhəmiyyət kəsb edir.
Artıq rəqəmsal platformalarda, media kampaniyalarında və digər kommunikasiya vasitələrində diaspor təşkilatlarının uğurlu fəaliyyətinə dair müsbət nümunələr mövcuddur. Bu təcrübə göstərir ki, yeni texnologiyalardan səmərəli istifadə ilə daha böyük nəticələr əldə etmək mümkündür.
Ümumilikdə hesab edirəm ki, diaspor və beynəlxalq ictimai-siyasi münasibətlər kontekstində Azərbaycanın qarşısında geniş imkanlar açılır. Bu imkanlardan maksimum istifadə etmək üçün aidiyyəti dövlət qurumları tərəfindən müasir dövrün tələblərinə cavab verən strategiyaların hazırlanması və davamlı şəkildə yenilənməsi mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, dünya azərbaycanlılarının bir araya gətirilməsi, ortaq layihələrin həyata keçirilməsi, müxtəlif forumların, mədəniyyət festivallarının və elmi əməkdaşlıq proqramlarının təşkili xüsusi diqqətdə saxlanılmalıdır. Əsasən də gənclərin, alimlərin və fəal soydaşlarımızın xarici ölkələrdə fəaliyyətinin dəstəklənməsi yeni dövrün əsas prioritetlərindən biri olmalıdır.
Nəticə etibarilə, milli dəyərlərin qorunması, Azərbaycanın dövlət maraqlarının müdafiəsi və diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakının təşviq edilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır”.
QEYD: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Safura Bənnayeva
Globalinfo.az