O qızın həyatı belə xilas edildi – TƏBİB-dən xüsusi əməliyyat

 

Bu günlərdə bir hadisənin şahidi və qismən iştirakçısı oldum. Kəndimizdə gənc bir qız ağır durumda rayon xəstəxanasına yerləşdirilmişdi. Həyatı təhlükədə idi. 

Sonra eşitdim ki, TƏBİB məsələyə həssas yanaşıb. Rayona həkim və xüsusi təchiz edilmiş təcili yardım maşını göndərilib.

Vəziyyəti öyrənmək üçün qurumdan Kənan Kərimovla danışdım. Kənan bəyi icra hakimiyyətində işlədiyi dövrdən tanıyıram. Olduqca mədəni, savadlı və peşəkar biridir. Mətbuatın dostudur. Vəziyyət haqda məlumat verdi. Bildirdi ki, xəstənin müalicəsi Bakıda davam etdiriləcək.

Xəstə Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya yerləşdirildi. Etiraf edim ki, “Sabunçu xəstəxanası” kimi tanınan bu tibb müəssisəsi haqda rəylər heç də yaxşı deyil. Amma mənə deyildi ki, orada vəziyyət tamamilə dəyişib. Zatən, ağır vəziyyətdə ora yerləşdirilən xəstənin bir neçə günə sağalması da bunu isbatladı.

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın səyləri nəticəsində, həkim Arzu xanımın peşəkarlığı sayəsində gənc qadın sağaldı. Hətta deyərdim, ölümdən döndü.

Gəldiyim qənaət budur ki, TƏBİB rəhbərliyi, tibb personalı xüsusi tapşırıq olmadan vətəndaşa can yandırır. Ağır vəziyyətdə olan xəstənin ölməməsi üçün əlindən gələni edir. Biz hər zaman səhiyyə sistemini çatışmazlıqlara görə sərt dillə tənqid etmişik. Bu gün də edirik. Sabah hər hansı neqativ görsək, yenə yazacağıq. Amma problemin aradan qalxması və ölkə səhiyyəsinin sağalması, sağlamlaşması üçün gərək bu cür pozitiv faktı da yazaq. Bu, həm də vətəndaşda ümid yaradır. Həkimlərimiz isə həvəslənir, işlərinə daha çox can yandırırlar. Allah bütün xəstələrə şəfa, vicdanlı həkimlərə cansağlığı versin.

Azər Ayxan
Globalinfo.az