Son rəsmi məlumata görə, İkinci Qarabağ müharibəsindən sonra mina qurbanlarının ümumi sayı 376 nəfərə çatıb. Onlardan 69-u həlak olub. 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərin 44 gün içərisində azad edilməsinin ardınca bir tərəfdən həmin torpaqlarda quruculuq-bərpa işləri gedir, digər tərəfdən isə həmyerlilərimizin öz ata-baba yurdlarında rahat, təhlükəsiz yaşayışının təmin edilməsi üçün mina təmizləmə prosesi həyata keçirilir.
Təəssüf ki, bu gün zərərçəkənlərin sayı artmaqda davam edir. Bu qurbanlar içərisində ANAMA əməkdaşları da yer alır. Doğrudur, sözügedən sahədə maarifləndirici tədbirlər görülür. Amma 30 il müddətində ermənilərin hansı istiqamətlərdə, hansı növ minalar, partlayıcı qurğular yerəşdirdiyini aşkar etmək çox çətindir. Azərbaycan dəfələrlə Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı müraciətlər etsə də, rəsmi İrəvan bu prosesə, çağırışlara məhəl qoymur. Mina xəritəsi adı altında təqdim olunan xəritələr isə qeyri-dəqiq çıxdı.
Bu ilin aprelin 19-da Azərbaycana geri qaytarılan Qazaxın 4 kəndinin ərazilərində minadan təmizlənməsi prosesinə başlanılıb.
Minalar hansı formada basdırılır? Onlardan necə yayınmaq mümkündür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu deyib ki, Ermənistan mina istehsal edən ölkədir:
“Ermənilər bu minaları 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarına yerləşdirib. Ərazilərdə təxminən bir milyon partlayıcı qurğu var. 2020-ci ildən bu tərəfə Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrini istəyib. Lakin rəsmi İrəvan bu xəritələri təhvil vermədiyi üçün ərazilərin minalardan təmizlənməsi çətinləşir. Bəzi ərazilər qarış-qarış tədqiq edilməli, minalar zərərsizləşdirilməlidir. Xəritələr əldə olsa idi, həmin qurğuların hansı ərazilərə yerləşdirildiyi məlum olardı.
QHT dəstəyi ilə iyun ayından etibarən bəzi rayonlarda – Fizuli, Beyləqan, Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Goranboy, Naftalan və Sumqayıt şəhərində statistikanı yeniləyir, ehtiyac meyarlarını öyrənirik. Yeni informasiyalar əldə edirik. Ermənilər bu minaları həm hərbi, həm də təxribat nöqteyi-nəzərindən yerləşdiriblər”.
Rey Kərimoğlunun sözlərinə görə, burada sürpriz, tələ minaları və s. yerləşdirilib:

Rey Kərimoğlu
“Meşə, su hövzələri, qəbiristanlıq, tarixi abidələrdə, oraya gedən yollarda müxtəlif minalar yerləşdirilib. ANAMA-nın rəhbərliyi ilə ölkəmizdə böyük minatəmizləmə aksiyası aparılır. Bu çox vaxt və böyük vəsait tələb edən prosesdir. Paralel olaraq maarifləndirmə işləri də aparılır. Beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirilir.
Bu gün dünya ictimaiyyəti Ermənistanın təxribatlarına susur, cavabsız qoyur və sözügedən əməllərinə görə, heç bir sanksiya tətbiq etmir. Hardasa hər həftə minaya düşən insanlar var”.
R.Kərimoğlu həmçinin minaların xüsusiyyətlərindən də bəhs edib:
“Tələ minalar ağaclarda, kolluqlarda və s. kimi yerlərdə yerləşdirilir. Onların bir neçə növü var. Nizəyəbənzər tələ minaları ağaclara gizlədirlər, bu simli minalara toxunduqda 2-3 yerdən partlayış olur. Piyada əleyhinə minaların ətrafında da minalar yerləşdirilir. Birincini çıxaran zaman ikinciyə toxunularsa, o da partlayır. Yaxud da mina basdırıb bir qədər aralıda ovuc-ovuc mismarlar səpirlər. Xüsusi qurğular vasitəsilə mina axtaran zaman həmin mismarlardan siqnal gəlir və nəticədə siqnal gələn hissələr araşdırılır. Bunların mismar olduğunu axtarıb tapana qədər çox vaxt gedir, həmçinin insanlarda da müəyyən gərginlik olur. Belə hallarda mina qurbanı olmaq qaçılmazdır. Hətta uşaq oyuncaqlarına belə partlayıcı qurğular yerləşdirilir ki, uşaqlar götürmək istəyəndə partlayış olsun”.
Safura Bənnayeva
Globalinfo.az














