“Tariximizin ən uğurlu illərindən biri olan, ölkəmizin bütün ərazilərində ilk dəfə Prezident və növbədənkənar parlament seçkilərinin keçirildiyi 2024-cü ildə Nazirlər Kabinetinin fəaliyyətinə dair hörmətli cənab Baş nazir Əli Əsədovun təqdim etdiyi mükəmməl hazırlanmış hesabat hökumətin Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirdiyini və qarşıya qoyduğu vəzifələri yerinə yetirdiyini göstərir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Musa Qasımlı bu gün keçirilən plenar iclasda deyib.
Onun sözlərinə görə, heç bir xarici yardım olmadan işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə dirçəliş, tikinti-quruculuq işlərinin aparılması, müasir yaşayış komplekslərinin, yolların, körpülərin, tunellərin tikilməsi, erməni vəhşiləri tərəfindən itirilməyə çalışılan tarix və mədəniyyət abidələrimizin bərpa edilərək millətimizə qaytarılması, elm, təhsil və mədəniyyətimizin, o cümlədən peşə təhsilinin həmin ərazilərdə bərqərar edilməsi, Qarabağ Universitetinin fəaliyyəti, keçmiş məcburi köçkün bacı və qardaşımızın dədə-baba yurdlarında yerləşdirilməsi, məşğulluğunun təmin edilməsi dünyaya bir örnəkdir:
“COP29-un keçirilməsi, ölkəmizin nəqliyyat imkanlarının artırılması, beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi, yaşıl enerjiyə keçid, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizliyimizin etibarlı qorunmasından ötrü atılan addımlar, şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı, onların mənzillə təmin edilməsi və digər fəaliyyətlər seçicilərimiz tərəfindən rəğbətlə qarşılanır. Hər bir uğurun təməlində dövlətimizin və millətimizin təhlükəsizliyinin etibatlı təmin olunmasına yönəlmiş gərgin, millətsevər fəaliyyət və böyük zəhmət dayanır.
Bunlarla paralel olaraq ölkəmizin bütün digər rayonlarında da tikinti-quruculuq işlərinin aparılması, infrastrukturun qurulması və təkmilləşdirilməsi dövlətimizin qüdrətini, Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının dayandığını göstərir”.
Safura Bənnayeva
Globalinfo.az














