Azərbaycanın atdığı son addım təşviş yaratdı – Qərbin narahatlığı artır

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Azərbaycancanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəkləyir. O, Rusiyanın Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciətindən çox şad olduğunu qeyd edib. Rusiya bu niyyəti dəstəkləyirsə, məntiqlə Aİ və ABŞ qarşı çıxır.

BRİCS-ə üzv olmaq Qərblə aramızda məsafə yaradacaqmı? Azərbaycan getdikcə Qərbdən uzaqlaşmaq yolu tutub?

Globalinfo.az-a danışan politoloq Sahil Kərimli bildirib ki, Azərbaycanın Rusiya tərəfindən BRİCS təşkilatının Kazanda keçiriləcək iclasına dəvət olunması rəsmi Bakının praqmatik siyasət yürütməsinin, ölkəmizə dünya səviyyəsində etibarın göstəricisidir:

“Azərbaycan öz siyasətində çoxvektorlu kurs götürüb. Dünyanın bütün beynəlxalq qurumları, siyasi, iqtisadi təşkilatları ilə əməkdaşlıq edib. Bir çox təşkilatların iclasına da fəxri qonaq kimi dəvət olunub. Azərbaycan rəsmiləri tərəfindən BRİCS təşkilatına üzvlüklə bağlı səsləndirilən müəyyən fikirlər var. Rəsmi Bakı bu istiqamətdə də öz müstəqil, suveren hüququndan istifadə edərək qərar verəcək”.

Sahil Kərimli

Politoloqun sözlərinə görə, Qərbin sözügedən məsələdən məmnun qalmaması da istisna deyil:

“Bu gün Avropa Azərbaycandan uzaqlaşmaq siyasəti yürüdür. Avropa, Qərb dairələri və Aİ-nin bəzi ölkələri rəsmi Bakıya qarşı ikili standartlar siyasəti yürüdür. Əksər hallarda düşmənçilik mövqeyindən çıxış edir. Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan siyasəti qəbul olunmur. Son aylarda Avropa ölkələrinin, siyasi dairələrinin Azərbaycana qarşı qərəzli və haqsız mövqeyinin şahidi oluruq. Azərbaycan Avropa ilə daim sıx əməkdaşlıq edən ölkədir. Rəsmi Bakının nəhəng enerji layihələri çərçivəsində Avropanın enerji təchizatı ödənilir. Lakin müsbət qarşılıq görmək əvəzinə ölkəmizə qarşı yersiz, haqsız mövqe nümayiş etdirilir”.

Safura Bənnayeva
Globalinfo.az