Bu gün tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun 85 yaşı tamam olur. Uzun illər fəal mövqeyi və prinsipial çıxışları ilə seçilən Novella xanımın hüquq fəaliyyəti Azərbaycan vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfələr verib.
Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Novella xanım Azərbaycanda hüquq müdafiəçilərinin öndə gedən şəxslərindəndir:
“Həyatını bu sahəyə həsr edib, 30 ildən artıqdır ki, hüquq müdafiəsi ilə məşğuldur. Minlərlə insana bu və ya digər formada köməklik göstərib, əziyyətlərini çəkib. Buna baxmayaraq, haqqını yeyənlər də olub, köməklik göstərdiyi insanlar arasında isə ona “sağ ol” deməyənlər də tapılıb. Amma bu, minlərin içərisində olduqca azdır. Əksəriyyət onun fəaliyyətini müsbət dəyərləndirir. Səadət Bənənyarlı, Səidə Qocamanlı, Novella Cəfəroğlu və mən 20 ildən artıqdır ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunda birgə fəaliyyət göstəririk. Bu qrupun formalaşmasında və fəaliyyətində Novella xanımın xüsusi rolu var”.
Çingiz Qənizadə
Ç.Qənizadə qeyd edib ki, Novella xanım 85 yaşında olmasına baxmayaraq, bu gün 50 yaşlı hüquq müdafiəçiləri ilə bərabər, yorulmadan fəaliyyətini davam etdirir:
“Hesab edirəm ki, Novella xanım həm də hüquq müdafiə məktəbidir. Ondan öyrəniləsi çox şey var. Gənc hüquq müdafiəçilərinin onun təcrübəsindən öyrənmək üçün imkanları var. Bir daha Novella xanımı 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Novella xanım təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də tanınmış hüquq müdafiəçisidir:
“Uzun illərdir vətəndaşların hüquqlarının qorunması istiqamətində göstərdiyi fəaliyyət, vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələr və həyata keçirdiyi yüzlərlə uğurlu layihə bunu sübut edir. Novella Cəfəroğlu hüquq müdafiəçisi kimi fəaliyyətində insanların siyasi baxışlarından asılı olmayaraq hər kəs üçün əlçatan olub və ədalətli mövqeyi ilə seçilib. Onun ədalətli və eyni zamanda humanist mövqeyi hər zaman hamı üçün nümunə olub”.
C.Hüseynzadə deyib ki, Novella Cəfəroğlu bir çox insan üçün ümid yeri olub:
“Bu baxımdan Novella Cəfəroğlunun fəaliyyəti müəyyən mənada mediasiya rolunu da oynayıb. Məqsədi hər zaman barışığın təmin olunması, dövlətimizin adının mənfi hesabatlarda hallanmamasıdır. Hesab edirəm ki, bu, əsl vətəndaş xidmətidir. Sevindirici haldır ki, dövlətimiz tərəfindən də bu xidmətə yüksək qiymət verilib. Novella xanımın hər kəsə hörmətlə yanaşması, obyektiv və ədalətli münasibəti onu cəmiyyətdə nüfuzlu ictimai xadim kimi tanıdır. Dəfələrlə bunu həm QHT sədri, həm də media rəhbəri kimi hiss etmişəm”.
Cəsarət Hüseynzadə
C.Hüseynzadənin sözlərinə görə, Novella Cəfəroğlu çoxlu sayda QHT nümayəndələrinin yetişməsinə dəstək verib:
“QHT-lər bəzən sözlərini deməkdə tərəddüd edəndə Novella xanıma üz tuturlar. O, Azərbaycanda böyük bir ictimai məktəbin formalaşmasına xidmət göstərən şəxslərdəndir. Novella Cəfəroğlu regionlarda ictimai fəallığın artmasında da mühüm rol oynayıb. Bu gün Novella xanımın 85 illik yubileyi münasibətilə onun vətəndaş cəmiyyətinin inkişafına verdiyi böyük töhfələri xüsusi minnətdarlıqla xatırlayırıq. O, təkcə hüquq müdafiəçisi deyil, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına mühüm təsir göstərmiş bir məktəbin müəlliflərindəndir. Novella xanıma cansağlığı, uzun ömür və cəmiyyətimizə xidmət yolunda yeni uğurlar arzulayırıq”.
Zaira Akifqızı
Globalinfo.az