Prezidentin siyasi kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub

Son 19 ildə həyata keçirilən düşünülmüş  daxili və xarici siyasət ölkəmizi dünyada söz sahibinə çevirib. 2022- ci ili də uğurla başa vururuq. Hazırda  Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir. Təbii ki, bütün bunlar dövlət başçımızın məntiqli siyasi kursunun nəticəsidir. Hər dəfə Azərbaycanın adı yüksəkliklərdən gələndə, mötəbər təşkilatların toplantılarından xoş sədalarımız eşidiləndə və  inkişaf etmiş dövlətlərlə bir sırada çəkiləndə qürur hissi keçirirəm və qeyri-ixtiyarı olaraq ulu öndər Heydər Əliyevin  xalqa  1 oktyabr 2003-cü il tarixli müraciəti gözlərim önündə canlanır, qulaqlarımda səslənir: ”… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il oktyabrın 15- də keçirilmiş  prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırlatmaq istərdim: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram”.

O vaxt çoxlarına xəyal kimi görünürdu bu vəd. Çünki dünyanın  əksər ölkələrinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların  havadarlığından  istifadə edən təcavüzkar  Ermənistan torpaqlarımızı işğal edir, soydaşlarımızı doğma  dədə-baba yurdlarından didərgin salır,  terror aktları törədir, günahsız insanları qətlə yetirirdi. Belə bir vəziyyətdə torpaqlarımızın işğaldan azad edilməsi,  həmvətənlərimizin isti ocaqlarına qaytarılması hamıya təəccüblü gəlirdi. Ancaq dövlət başçımız sözündə qəti idi.

Prezident seçildikdən bir müddət sonra Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının imzalanması və bu proqramın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilməsi xalqın gələcəyə olan inamını artırdı. Regionlarda  sosial-infrastruktur layihələrin həyata keçirilməsi kənd təssərrüfatının və qeyri-neft sektorunun inkişafında, o cümlədən emal müəssisələrinin yaradılmasında, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafında əsaslı dönüş yaratdı. Ölkəmizin iqtisadi qüdrəti artıqca bütün sahələrdəki inkişaf özünü açıq şəkildə büruzə verdi. İqtisa tərəqqi ordu quruculuğunda da özünü göstərdi.

Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də ordu quruculuğunun inkişafı, ərazisnin 20 faizinin işğalda olan və bir milyon  vətəndaşı qaçqın və məcburi köçkün  vəziyytində yaşayan bir ölkənin hərbi qüdrətinin artırılması idi. Dövlət başçımız andiçmə mərasimindəki nitqində də demişdir ki, Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Bundan ötrü güclü ordunun yaradılması əsas amillərdən biri idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artırdı, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini getdikcə  yüksəltdi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq, qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir. Belə də oldu.

2020- ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın tarixinə  əbədi həkk olundu. Bu sənəd Azərbaycanın şanlı  Qələbəsini rəsmiləşdirdi. Həmin gün işğalçı Ermənistanın siyasi və hərbi rəhbərliyi təslim olduqlarını rəsmən təsdiqlədilər. Beləliklə, Prezident İlham Əliyevin 2003- cü ildə verdiyi vəd 17 ildən sonra yerinə yetirldi. Hüquq müdafiəçisi hmin vaxta qədər dövlət başçımızın verdiyi bütün vədlərin reallaşdığını bildirib və qeyd edib ki, Prezident İlham Əliyev dünyada verdiyi vədləri yerinə yetirən lider kimi tanınıb.

Son 19 ildə həyata keçirilən  düşünülmüş daxili və xarici siyasət nəticəsində artıq Azərbaycanın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Bu, hər bir soydaşımızı qürurlandırır. İndi xarici ölkələrdə yaşayan həmvətənlərimiz alnıaçıq, üzağdır və qürurla, fəxrlə deyirlər ki, biz azərbaycanlıyıq, qalib ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyə Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi kurs nəticəsində nail olmuşuq. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənquma, bərpa-quruculuq işləri aparılır. Bu işlərdə dünyanın iri şirkətləri də yaxından iştirak edir. Bu, dünya birliyinin Azərbaycanın haqq işinə verdiyi dəstəyin nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada söz sahibinə çevrilməsi və qüdrətli dövlətlərlə bir sırada olması ulu öndər Heydər Əliyevin 19 il əvvəlki üzaqgörənliyinin və müdrikliyinin bariz nümunəsidir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Globalinfo.az