Azərbaycanı zəfərə aparan miras: 30 illik ənənənin təməli belə qoyuldu

Azərbaycanı zəfərə aparan miras: 30 illik ənənənin təməli belə qoyuldu

Azərbaycan dünyada gənclər siyasətini ən aktiv şəkildə icra edən sayılı ölkələrdəndir. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə başlatdığı tendensiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır.

Gənclərlə bağlı mövcud qanunvericiliyə edilən hər yeni dəyişiklik müasir dövrün və dövlətin daxili çağırışlarına cavab verir. Bu, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları fonunda da özünü göstərdi, torpaqlarımız işğaldan azad edildi.

Həmçinin ali təhsil almaq, elmə yönəlmək istəyən gənclər üçün də lazımi şərait yaradılır. Onların təhsilə əlçatanlığının artırılması istiqamətində müvafiq işlər görülür. Son illərdə xüsusilə gənclərin mütəxəssis kimi yetişməsi və öz biliklərini yeni nəsillə bölüşmələri üçün tətbiq edilən dövlət proqramları da bu baxımdan diqqət çəkir. Hər il yüzlərlə istedadlı gənc müxtəlif xarici ölkələrin universitetlərində dövlət dəstəyi ilə təhsil almaq üçün göndərilir.

Gənclər siyasəti artıq yeni dövrə qədəm qoyub. Yetişən gənc nəsil artıq milli maraqları ölkə xaricində də ən yüksək səviyyədə qoruyur. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də yetişməkdə olan gənc nəslin milli kimliyini inkişaf etdirmək və vətənpərvərlik hisslərini tərbiyə etməkdir:

“Bu missiya çoxşaxəli fəaliyyət istiqaməti olub, təhsil, mədəniyyət, siyasət və ictimaiyyətin iştirakı, gənclər təşkilatları ilə iş kimi çoxölçülü yanaşma tələb edir. 30 il işğal altında qalmış torpaqların azad edilməsinə nail olan yeni nəslin milli kimlik ideyalarını dərindən dərk etməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi problem hiss olunmur.

Azərbaycanı zəfərə aparan miras: 30 illik ənənənin təməli belə qoyuldu
Əlimusa İbrahimov

Bunun da əsas səbəbi həm uyğun təşkilat və qurumların torpaqlarımızın işğaldan azad olunması istiqamətində gənclərlə apardığı iş, həm də böyükdən kiçiyə bütün vətəndaşlarımızın bu məqsədə köklənməsidir. Qələbə ilə nəticələnən 44 günlük müharibə gənclərimizin milli və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsində əvəzsiz xidmət etdi. Təhsil işçisi və bir pedaqoq kimi Prezident İlham Əliyevin müharibə ərəfəsində, döyüşlər zamanı və ondan sonrakı dövrdə etdiyi çıxışlar, müsahibələr və müraciətlər gənclərimizin vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Hələ uzun müddət bu istiqamətdə gənclərimizin tərbiyəsində ciddi əyani vasitə olacaq.

İlham Əliyevin çıxışlarında gənclərimizə ünvanladığı müraciətlər gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaq. Məhz buna görə də gənclərimizin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə məşğul olan qurumlar İlham Əliyevin gənclərə müraciətlərindən daha geniş faydalanmağın yollarını tapmalıdırlar”.

Politoloq Qabil Hüseynli deyib ki, gənclər siyasəti, bu sahədə görülən işlər bir ölkənin ən böyük uğurudur:

“Gənclərin düzgün təhsil alması, onların milli mənlik, vətənpərvərlik hissləri ilə yetişdirilməsi dövlətin gələcək xarici siyasətində ən böyük uğurudur. Sağlam gənclik xarici təsirə qapalı olur.

Hazırda bir çox milli dövlət böyük güclərin təzyiqinə məruz qalır. Bu, yumşaq güc siyasəti ilə edilir. Qərb, gənclər üzərindən milli dövlətlərə təzyiq göstərir, inqilablar təşkil edir, hakimiyyətləri dəyişdirir. Bu, ən təhlükəli tendensiyadır.

Azərbaycanı zəfərə aparan miras: 30 illik ənənənin təməli belə qoyuldu
Qabil Hüseynli

Gənclərə siyasi şüurun aşılanması, nəyin doğru, nəyin yanlış olduğunu seçmə iradəsinin verilməsi mühümdür. Əks təqdirdə ağlı təhlükəli fikirlərə açıq olanlar təsirə düşə bilər. Hesab edirəm ki, ölkəmizdə gənclər siyasəti bu baxımdan uğurludur. Bu gün Azərbaycanda yetişən nəsil zəfər nəslidir. Onlar işğal dövrünü  yox, zəfər dövrünü görür. Bu nəslin məsuliyyəti daha çətindir. Çünki canı, qanı bahasına zəfər qazanan, onu qoruyan nəsil bir ömrünü buna sərf etməlidir. Dövlət məhz buna görə gənclər siyasətinə önəm verir. Gələcəkdə işğalın bir də yaşanmaması, itiklərin olmaması üçün hər vəziyyətə hazır nəsil yetişir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Turan Rzayev
Globalinfo.az

Azərbaycanı zəfərə aparan miras: 30 illik ənənənin təməli belə qoyuldu