“ATƏT-in Minsk qrupu barədə yeni fikir səsləndirmək çox çətindir. Lakin retrospektiv baxımdan Prezident İlham Əliyev bu qrupa həm çox dolğun və dərin qiymət verib, həm də onun fəaliyyətini geniş şəkildə təhlil edib”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov prosesdə daha əvvəldən iştirak etdiyini xatırladıb və bildirib ki, Azərbaycan müstəqilliyini yeni qazandıqdan sonra rəsmi şəkildə həmin quruma müraciət edərək vasitəçilik missiyasının həyata keçirilməsini istəmişdi:
“Məqsəd ondan ibarət idi ki, ən azından beynəlxalq ictimaiyyət bizim qarşımızda böyük bir təhlükənin olduğunu görsün və bu təhlükənin qarşısını almaq üçün öz prinsiplərinə uyğun şəkildə Azərbaycana dəstək versin. Biz beynəlxalq təşkilatların bəyan etdikləri prinsiplərə sadiq qalaraq Azərbaycanı bu bəladan xilas etməyə çalışacaqlarına inanırdıq.
Lakin təəssüf ki, bu, baş vermədi. Sonrakı mərhələdə beynəlxalq münasibətlər sistemində mövcud olan reallıqlar, qaydalar, qanunlar və hətta tendensiyalar tamamilə fərqli mənzərə ortaya qoydu. Biz müəyyən mənada illüziya içində yaşayan bir cəmiyyət idik. Düşünürdük ki, hansısa beynəlxalq təşkilat müəyyən prinsiplərdən çıxış edirsə, deməli həmin prinsiplər mütləq tətbiq olunacaq.
Amma prosesin içində olduqca bu qurumun daha çox konflikti idarə etmək, yəni “konflikt menecmenti”ni təmin etmək üçün fəaliyyət göstərdiyini anladıq. Əslində isə məqsəd münaqişəni həll etməkdən daha çox, həmin münaqişə vasitəsilə regionu idarə etmək idi. Təcrübə göstərdi ki, onlar problemi aradan qaldırmağa deyil, onun müəyyən elementlərindən istifadə etməklə həm Ermənistana, həm də Azərbaycana təsir göstərməyə çalışırdılar.
Bu təsir vasitəsilə Azərbaycanın enerji potensialından müxtəlif formalarda istifadə etmək, müəyyən layihələrdə iştirak etmək və eyni zamanda cəmiyyətin inkişaf istiqamətlərinə, dayaq prinsiplərinə və dəyərlərinə təsir göstərmək kimi niyyətlər də mövcud idi. Bizə yad olan bəzi prinsiplərin cəmiyyətimizdə təbliği və tətbiqi də bu prosesin tərkib hissəsi kimi görünürdü.
Təbii ki, bunları bir neçə cümlə ilə tam ifadə etmək mümkün deyil. Sadəcə olaraq, təsiredici bir nümunə kimi Minsk qrupunun fəaliyyəti barədə bunları qeyd etmək olar”.
Safura Bənnayeva
Globalinfo.az