ders 1

Son günlər Rusiya ilə gərginlik fonunda Azərbaycanda rusdilli məktəblərin sayında azalmanın olub-olmayacağı müzakirə mövzusudur.

Məlum olduğu kimi bu, Rusiya üçün ən həssas nöqtədir. Bir çox postsovet ölkələrində rus məktəbləri ciddi ixtisar edilib. Rusiya hakimiyyəti buna kəskin reaksiya bildirib. Rusiya Prezidenti Vladimir Putin ötən ilin avqust ayında Bakıya səfərində Azərbaycanda rus dilində təhsilin çoxluğunu fəxrlə bildirmişdi. Buna görə rəsmi Bakıya təşəkkür etmişdi.

Əks proses getsə, bu həm övladları rus bölümündə oxuyan azərbaycanlılar, həm də rəsmi Moskva tərəfindən necə qarşılanar?

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən Fransız liseyi 2024-cü ilin iyun ayında bağlanıb. İddialara görə, buna Parislə Bakı arasında neçə ildir davam edən siyasi-diplomatik gərginlik səbəb olub.

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Azərbaycan çox millətli, tolerant respublikadır, digər millətlərin adət-ənənələrinə və təhsilinə xüsusi diqqət yetirilir:

“Azərbaycan, rus, ingilis, fransız, ləzgi, talış və s. dillərdə məktəblər var. Azərbaycanda rus milliyyətli insanlar da yaşayır. Keçmiş sovet dövründən qalma ənənə hələ də davam edir. Yəni bəzi valideynlər israrla övladlarının rus bölmələrində təhsil almasını istəyirlər. Bu onların öz seçimləridir. Azərbaycanda sırf rusdilli 16 məktəb var. Bütövlükdə 342 məktəbdə rus bölmələri var. Həmin məktəblərdə 140 mindən artıq şagird təhsil alır. Ali məktəblərin də əksəriyyətində rus bölmələri var, 15 mindən çox tələbə təhsil alır.

SSRİ dağıldıqdan sonra həmişə Rusiya ilə münasibətlərimiz normal olub. 2022-ci ilin fevralın 22-də də Rusiya ilə strateji müttəfiqlik haqqında bəyannamə imzalandı. Azərbaycanın Rusiyaya münasibəti hər zaman yaxşı olub. 3 milyona yaxın soydaşımız orada yaşayıb, çalışır. Dekabrın 25-də baş verən məlum təyyarə qəzası Rusiya ilə münasibətlərdə soyuqluq yaratdı.

elsad hesenov esas 1

Elşad Həsənov

Rusiyanın bəzi şovinist dairələri bundan istifadə edərək Azərbaycana qarşı təhqiredici fikirlər səsləndirməyə başladılar. AZAL-a məxsus təyyarəni vurmaları bir yana, hətta bu prosesi ört-basdır etməyə çalışdılar. Azərbaycan da haqlı olaraq beynəlxalq hüquq normalarına uyğun olaraq komissiyaların yaradılmasına çalışdı. Azərbaycan qəza səbəbindən Rusiyanın üzr istəməsi və təzminat ödəməsini, səbəbkarların cəzalandırlmasını tələb edir. Bu tələblərdən yalnız biri – üzrxahlıq məsələsi yerinə yetirilib. Hələ istintaq gedir, yaxın günlərdə hər şey aşkara çıxacaq”.

Politoloq Azərbaycanın Rusiyaya hava, su qədər lazım olduğunu düşünür:

“Rusiya rəhbərliyi Azərbaycanla münasibətləri normallaşdırmaq üçün düzgün qərar verəcək. Əgər əksi olarsa, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz tələblərinin yerinə yetirilməsinə nail ola bilər. Bu gün dünyaya çıxış üçün rus dilindən daha böyük dillər var. İngilis, çin dili buna misal ola bilər. Valideynlərin övladlarını bu dillərin öyrənilməsinə yönəltməsi daha yaxşı olar. Bu o demək deyil ki, rus dili tamamilə sıradan çıxmalıdır. Ölkədə ona da böyük tələbat var. Bu gün rusdilli məktəblərdə oxuyan uşaqlarda rus təfəkkürü formalaşır. Rusca düşünür, rus dilində danışır və buda onların gələcəyinə, milli mənsubiyyətinə təsir edir. Milli mənliyimizi və kimliyimizi qorumaq üçün övladlarımızın Azərbaycan dilində tədris almasına çalışmalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: