Azərbaycanda məşhur bank bağlandı – SƏBƏB

“Günay Bank”ın Azərbaycan bank bazarına yenidən daxil olması müəmmalarla, suallarla dolu idi”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı ekspert Natiq Cəfərli “Günay Bank”ın bağlanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə sədr müavini 100 milyon manat, 2021-ci ildə isə filial rəhbərlərindən biri 53 milyon manat mənimsəmə iddiası ilə saxlanılmışdı:

“Ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi “Günay Bank” ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir.

Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu, bütün bank sektoruna baş ağrısı gətirəcək. Onsuz da ölkədə müasir bank sistemi yoxdur. Burda inhisarçılıq var, bizim banklar hələ də 19-cu əsrin bank məntiqi ilə işləyirlər. Ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar.

Natiq Cəfərli

21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə investisiya bankçılığı yoxdur, bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahı deyil. Siyasi sistem və idarəetmə problemidir”.

Globalinfo.az xatırladır ki, “Günay Bank”ın rəhbəri Mahmud Məmmədovdur. O, bankı Müşahidə Şurasının sədridir. M.Məmmədov bir vaxtlar ölkənin ən populyar və geniş imkanlara malik biznes adamı idi. 1990-cı illərin əvvəllərində media maqnat kimi də tanınırdı. Onun qəzetləri, TV kanalı fəaliyyət göstərirdi. Siyasətlə də məşğul olurdu. Bir vaxtlar deputatlığa namizədliyi vermişdi. Sonradan o, hər şeydən əlini çəkdi və xeyli müddət ortalıqda görünmədi.

Mahmud Məmmədov uzun illər sonra sükutu pozdu. O, ötən həftə mərhum prezident Heydər Əliyev haqda jurnalist Eynulla Fətullayevə müsahibə verdi.

Turan Rzayev
Globalinfo.az