“Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra Xankəndiyə daxil olmağa hazırlaşırdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın ağ bayraq qaldırmaqdan başqa yolu qalmamışdı”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarının ildönümü ilə bağlı danışarkən deyib.
O, 2020-ci ilin 10 noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli bəyanatın qəbul olunmasını xatırladıb:
“Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsi istiqamətində keçirdiyi əməliyyat düzgün olaraq həmin vaxt müvəqqəti dayandırıldı. Sonrakı aylarda Laçın, Ağdam və Kəlbəcər boşaldıldı. Ancaq Ermənistan üçtərəfli bəyanatın bəndlərindən daha birini yerinə yetirmədi – qoşunlarını Xankəndi və ətrafından çıxarmadı. Həmçinin Laçın yolu ilə silahların daşınması davam etdi. Bütün bunlara son qoymaq lazım idi. O səbəbdən Azərbaycan Ordusu 2023-cü ilin sentyabr ayında növbəti əməliyyata başladı və Qarabağda suverenlik tam bərpa edildi. Rusiya hərbi kontingenti də Azərbaycan Ordusunun ərazidəki əməliyyatına mane olmadı”.
Elxan Şahinoğlu
Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 20-də xalqa etdiyi müraciətdə bir neçə məsələdən danışıb:
“Birincisi, Prezident dedi ki, Qarabağın Azərbaycana reinteqrasiyası sürətlənəcək. Həqiqətən, son bir il ərzində azad olunan ərazilər tikinti meydançasına çevrilib.
İkincisi, Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Ordumuzun Qarabağdakı əməliyyatına müdaxilə etməməsini müsbət qiymətləndirdi. Paşinyan Azərbaycana mane olmaq istəsəydi, müharibə Ermənistan ərazisinə keçəcəkdi. O, bunu anladığından Azərbaycanın əməliyyatını sadəcə izlədi”.
Politoloq vurğulayıb ki, artıq Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, azərbaycanlıların yurdlarına qayıdışı sürətlənib:
“Növbəti mərhələ iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Bakı ilə İrəvan arasında əldə olunacaq sülh “Cənubi Qafqaz evi”nin yaranmasına şərait yaradacaq. “Cənubi Qafqaz evi” hər 3 ölkənin – Gürcüstan, Azərbaycan və Ermənistanın maraqlarına cavab verir”.
Turan Rzayev
Globalinfo.az