Nuran Abdullayevin təşəbbüsü dəstəkləndi: Azərbaycan universitetləri yeni əməkdaşlığa başlayır – FOTO

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumunda yaddaqalan panel müzakirələri aparılıb.

Globalinfo.az Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan bir sıra ali təhsil müəssisələrinin rektorlarının Avropada çalışan azərbaycanlı mühəndislərlə apardığı müzakirələr maraqla qarşılanıb.

Belə ki, Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri Nuran Abdullayev interaktiv müzakirələr zamanı yeni təkliflərlə çıxış edib.

O, Avropada çalışan azərbaycanlı mühəndislərin Azərbaycana dəvət olunması, onlarla sıx əməkdaşlıqların aparılması və elmi-praktiki işlərə cəlb olunmasının Azərbaycan üçün önəmli faydalarından danışıb.

Alyans sədri həmçinin Azərbaycan universitetlərinin beynəlxalq elmi reytinqlərinə də müsbət təsir göstərəcək əməkdaşlığın zəruri olduğunu bildirib və bu əməkdaşlığın hansı formada aparılması barədə də konkret təkliflər səsləndirib.

Panel müzakirələrində iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bu təşəbbüsü yüksək qiymətləndiriblər.

Müzakirələrin sonunda azərbaycanlı rektorlar xaricdə yaşayan, təhsil alan və elmi-praktiki fəaliyyətlə məşğul olan azərbaycanlı mühəndislərə konkret təkliflərlə müraciət ünvanlayaraq onları rəhbərlik etdikləri universitetlərə dəvət ediblər.

Təşəbbüs və təkliflər müzakirə iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə keçirilib.

Forumda Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov və digər qonaqlar iştirak ediblər.