Azərbaycanda hərbi xidmət müddəti azaldılır? – MÜHÜM AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin (28 günlük) Ordumuza gətirilməsi ehtimalıdır.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir.

O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib:

“Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək”.

Telman Qasımov

T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib:

“Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır”.

Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir:

“Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır”.

Zaira Akifqızı
Globalinfo.az