Bir neçə gün öncə sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərə görə şəxsi məlumatların oğurlandığı iddia edildi. Lakin Daxili İşlər Nazirliyi aparılan ilkin araşdırmalar zamanı heç bir bank və ya dələduzluq faktının aşkarlanmadığını bildirdi. Buna baxmayaraq, vətəndaşlar arasında hələ də narahatlıq davam edir.
Bu zənglər nədir və əhaliyə niyə gəlir?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, əslində belə qısa nömrələr mobil operatorlar və ya müxtəlif xidmət təminatçıları tərəfindən sistem bildirişləri, sorğular, xidmət keyfiyyətinin ölçülməsi kimi tam texniki məqsədlərlə istifadə olunur:
“Yəni bu zənglərin təhlükəli olduğunu demək düzgün deyil. Amma insanların narahatlığı tam əsassız da deyil, çünki bu gün fırıldaqçıların istifadə etdiyi “caller ID spoofing” texnikası var. Bu, ekranda görünən nömrənin saxtalaşdırılması deməkdir. Yəni sizə real operator nömrəsi kimi görünən zəng başqa birindən də gələ bilər. Ona görə də ehtiyatlı davranmaq vacibdir”.
Elvin Həsənov
Mütəxəssis sadə qaydanın olduğunu bildirib:
“Heç bir rəsmi qurum və ya bank telefonla vətəndaşdan kart məlumatı, OTP kodu, PIN, şəxsiyyət vəsiqəsi seriyası və ya hər hansı gizli informasiya istəmir. Əgər zəng edən şəxs belə bilgilər tələb edirsə, bu, artıq şübhəlidir və dərhal zəngi dayandırmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az