Ötən il iyunun 22-də gecə saat 01:00 radələrində Samux rayonunun Füzuli kəndində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürüldüyü hadisə ilə bağlı məhkəmə prosesi başa çatıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törətmiş C.Əliyevin yaxın dostu, 1990-cı il təvəllüdlü Mədəd Tağıyevə hökm oxunub.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən M.Tağıyevin dostunu qısqanclıq zəminində öldürməsi üzə çıxıb.
Məlum olub ki, həmkəndli və yaxın dost olan Mədədin həyat yoldaşı ilə Cavidin bacısı Gəncədə mağazada satıcı işləyir. Onları hər gün Cavid özünə məxsus avtomobillə Gəncəyə aparıb gətirirmiş. Bu müddət ərzində Cavid həm də Mədədlə birgə usta kimi fərdi şəkildə təmir işləri görüb pul qazanıblar və daim bir-birinin evinə gedib gəliblər. Lakin həmin vaxt Cavid dostunun arvadına mütəmadi yazmağa başlayıb, ona sevgisini elan edib, boşanıb ailə qurmaq kimi təkliflər edib, həmçinin intim məzmunda çoxsaylı mesajlar yazaraq gizli görüşməyi, sevgi yaşamağı təklif edib. Mədədin həyat yoldaşı ərinin dostunun təkliflərindən imtina etsə də, o yazmağa davam edib və aralarında ünsiyyət yaranıb.
Nəhayət ötən ilin 21 iyun tarixində Cavid Mədədgildə qonaq olub və həyətdə yeyib-içiblər. Bu zaman Mədəd arvadının masadan qalxıb getdiyini, sonra evə qalxdığını, Cavidin isə tualetə gedib 10-15 dəqiqiqə çıxmadığını görüb. O, evin yataq otağına gedərkən həyat yoldaşının kiminləsə görüntülü danışdığını görüb və qəfil hücum edərək arvadından telefonu alıb. Qadın tez telefonu kilidə salaraq ərinin əlindən almaq istəyib. Mədəd telefonu alıb baxarkən adının “Aydan” kimi qeyd edilmiş şəxsin arvadına sevgi və intim məzmunda mesajlar yazdığını görüb və nömrəni araşdırarkən həmin nömrənin Cavidə məxsus olduğunu başa düşüb. O, mətbəxdən bıçaq götürərək həyətə düşüb və ən yaxın dostunun etdiyi hərəkətdən sarsıntı keçirərək əsəbi halda ona hücum edib. Mədəd Cavidin döş qəfəsi nahiyəsinə 2 zərbə endirib. Mədəd maşına minib və sürərək uzaqlaşmaq istəyərkən avtomobili qonşunun darvazasına çırpıb saxlayıb və onun artıq öldüyü məlum olub.
Gəncə Ağr Cinayətlər Məhkəməsində keçirilən proses fevralda başa çatıb. Mədəd Tağıyev qeyd edilən maddə üzrə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Malik
Globalinfo.az














