Azərbaycanda boz ay başladı

Azərbaycanda boz ay başladı

Qış mövsümünün xalq arasında “qışın oğlan çağı” adlandırılan dövrü, xalq təqvimindəki Kiçik çillə geridə qaldı.

Globalinfo.az xəbər verir ki, bu gündən etibarən Novruz bayramınadək qalan 30 günlük müddət – Boz ay başlayır.

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa, Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.

Boz ay xalq arasında həm də “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli, – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, bu il ölkəmizdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Martın 4-də Od, 11-də Yel, 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si, Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.