Yeni hərbi əməliyyatların anonsu verildi. Fransanın Ermənistanı silahlandırması Azərbaycan tərəfdən sərt qarşılanıb. Müdafiə Nazirliyinin dünən yazdığı bəyanatda bu açıq görünür.
MN bildirir ki, Fransa ilə Ermənistan arasında “Caesar” (SEZAR) özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı barədə yayılan məlumatlar narahatlıq doğurur. “Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində yerli sakinlərlə görüşdə Fransanın Ermənistana verdiyi silahlar haqda da danışmışdı. Həmçinin revanşistlərə xəbərdarlıq etmişdi. Sitat: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin.”
MN-nin bəyanatındakı ritorika da bunu göstərir. Qarşıdruma gözləniləndirmi? Yeni müharibə ola bilərmi?

Nikol Paşinyan və Emmanuel Makron
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, həm atəşkəsi pozur, ərazilərimizi intensiv atəşə tutur, həm də Fransa və digər dövlətlərdən hücum silahları almaqla yeni təxribatlara hazırlaşır:
“Ermənistana satılan “Sezar” özüyeriyən artilleriya qurğuları birmənalı şəkildə hücum silahlarıdır. Ən azı 12 ədəd göndəriləcək. Bununla da bir divizion dəstini formalaşdırmaq mümkündür. Azərbaycan ərazilərini hələ də işğalda saxlayan Paşinyan komandasının gücləndirilməsi, yeni münaqişə ocaqlarının yaradılması istiqamətində işlərin qarşısını almalıyıq. Ərazidə baş verən proseslər, xüsusilə də atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın Fransadan aldığı silahlar fonunda cəsarətləndiyindən xəbər verir”.
Hərbi ekspertin sözlərinə görə, 30 illik işğalçılıq tarixinə malik Ermənistanı Fransanın silahlandırması Azərbaycana qarşı yönəlmiş düşmənçilik fəaliyyətləridir:
“Bunun qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələri bütün imkanlara və potensiala malikdir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Qazaxın 3, Naxçıvanın 1 kəndini qaytarmaq, Zəngəzur dəhlizinin açmaq, konstitusiya dəyişikliyinə getmək əvəzinə rəsmi Bakıya qarşı silahlanmaya üstünlük verir. Bu, yeni müharibənin başlanğıcı ola bilər. Gözlənilən eskalasiya isə Ermənistan üçün növbəti dəfə ərazi, şəxsi heyət, texnika və s. kimi itkilər vəd edir”.
Safura Bənnayeva
Globalinfo.az














