“Biz öz qarşımıza şərti sərhəddə Azərbaycanın nəzarətinə keçən əraziləri hərbi yolla qaytarmaq vəzifəsi qoymuruq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur. Bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq. Üstəlik, Azərbaycanla imzaladığımız sənəd demarkasiya prosesinin hüquqi əsaslarla baş tutması üçün hər cür imkan yaradır”, – deyə Paşinyan vurğulayıb.
Globalinfo.az xatırladır ki, Ermənistan son vaxtlar sürətlə silahlanır. Fransadan, Hindistandan aldığı hücum silahları ilə Azərbaycana hərbi təcavüzə hazırlaşdığı barədə iddialar var. Azərbaycan XİN və Müdafiə Nazirliyi indiyə kimi dəfələrlə rəsmi İrəvanı revanşizmdən çəkilməyə çağırıb. Bütün bunların fonunda N.Paşinyanın bu açıqlaması səmimi görünmür və beynəlxalq ictimai rəydə mövqeyini gücləndirməyə xidmət edir. Hətta mümkündür ki, baş nazir bu açıqlamanı ABŞ prezidenti C.Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevə son məktubundan narahatlıq keçirdiyi üçün versin.
Müşviq Tofiqoğlu
Globalinfo.az














