Bakı İrəvanla düşmənçiliyi aradan qaldırır – Nələr gözlənilir?

Azərbaycan Ermənistanla ritorikanı dəyişməyə, nifrət və kin nitqinin aradan qaldırmaq üçün fəaliyyətə başlayıb. Artıq bu istiqamətdə bəzi vacib tədbirlərin görülməsinə start verilib. Oktyabrın 30-da STM-də “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimat mərasimi keçirildi. Tədbirdə ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi müzakirə edilsə də, belə anlaşıldı ki, Bakı bu ritorikanın aradan qalxmasında maraqlıdır. 

Maraqlıdır, bəs iki xalq arasında son 30 ildə baş verənlərə rəğmən nifrət nitqi, kin, qəzəb, düşmənçilik ritorikası tezliklə aradan qalxacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, cəmiyyətdə sülh mühitinin təsis edilməsi ilə yeni mövqeyin formalaşdığını müşahidə edirik və bu, çox vacibdir:

“Siyasi mühitin formalaşması, xalqın iradəsi əsas alınmaqla qalibiyyət üzərindən sülh təbliğatının aparması başqa bir fenomendir. Buna ictimai dəstəyin verilməsi mühüm aspektdir.

Cəmiyyətin sülh prosesinə adaptasiya olması indiki məqamda çox vacibdir. Biz həm də beynəlxalq məsuliyyəti dərk etməli, sülh ideallarını daşıdığımızı göstərib və bunu əməli şəkildə millətcə ortaya qoymalıyıq.

Əziz Əlibəyli

Lakin təəssüf ki, Ermənistan sürətlə silahlanır. 700 milyon dollarlıq silah alıb. Rəsmi İrəvan yeni müharibə çağırışlarını ən üst səviyyəyə qaldırır. Müqayisə üçün deyim ki, bizim nitqimizin tərkibində əməkdaşlıq qarşılıqlı fayda investisiya mühitinin formalaşdırılması kommunikasiyaların açılması var. Qarşı tərəfdə isə qısa revanşizm var. Bizim qalib gəlməyimizin əsas səbəbi məhz nifrət nitqindən imtina idi. Bundan sonra da belə olacaq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyib ki, Ermənistan hər zaman Azərbaycana qarşı kin, nifrət hissi bəsləyib:

“Ermənilərin azərbaycanlılara türk deməsi belə bunun ən real sübutudur. Bu Ermənistanın illərlə ideologiyasına çevrilib. Torpaqlarımızın işğal edilməsi ilə paralel şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz dağıdıldı Azərbaycanın izi bu ərazilərdən silinməyə çalışıldı.

Düzdür, nifrət azərbaycanlılarda da vardı, amma bu nifrət itkilərimizdən, şəhidlərimizdən qaynaqlanırdı. Çünki minlərlə şəhidimiz, qazimiz vardı və Azərbaycan tərəfində nifrətin olmasını təbii edirdi. Ermənilərin nifrəti isə tamam fərqli bir nifrətdir.

Çingiz Qənizadə 

Belə hesab edirəm ki, indiki məqamda iki ölkə xalqları arasında nifrəti aradan qaldırması bu tezlikdə mümkün deyil. Bu zamanın işidir. Azərbaycan 44 günlük müharibədə erməni ordusunu məhv etdi. Minlərlə erməni bu müharibədə öldü. Bundan başqa son antiterror tədbirlərindən sonra Qarabağ erməniləri Ermənistana kütləvi şəkildə köçdü. Bu da ermənilər arasında nifrəti artırıb.

Amma bu bir reallıqdır ki, zaman dəyişib. Dünən mənim də iştirak etdiyim STM-də “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatında mən öz çıxışımda bildirdim ki, biz də öz ritorikalarımızda diqqətli olmalıyıq. Çünki hazırda beynəlxalq təşkilatlarda mətbuat orqanları və dünya liderləri bizə qarşı birləşib. Biz də ehtiyatlı olmalıyıq.

Sülh müqaviləsinin imzalanması üçün iki dövlətin vətəndaşları kin, nifrətdən imtina etməlidir”.

Turan Rzayev
Globalinfo.az