Azərbaycan üçün tarixi hadisə – SSRİ belə unutdura bilmədi

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 105 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Hikmət Babaoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, 105 il əvvəl Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi mühüm tarixi hadisədir:

“Bu, Türkiyə və Azərbaycan arasında tarixdən gələn qardaşlıq ənənələrinin təntənəsidir. Nuru Paşa və onun qəhrəman əsgərlərinin köməyi gələcəkdə Türkiyə-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin yaranması üçün təməl rolunu oynadı. Əgər biz bu gün iki ölkənin münasibətlərini “bir millət, iki dövlət” kimi xarakterizə ediriksə, Şuşa Bəyannaməsində müttəfiqlikdən danışırıqsa, bunun əsasları 1918-ci ilə söykənir.

Bakının işğaldan azad edilməsi bizim ortaq tariximizdir. Məhz Nuru Paşanın və şanlı əsgərlərinin Qarabağda, Şirvanda, Gəncəbasarda Azərbaycanın müstəqilliyi, azadlığı üçün verdiyi mücadilə bu gün iki ölkə arasında mövcud əlaqələrin əsasını təşkil edir. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin qürur tarixidir. Azərbaycan xalqı bu tarixi əsla unutmayacaq”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı sovet imperiyasının ən qəddar dönəmlərində belə Nuru Paşanı, onun şanlı əsgərini unutmadı:

“Şəhidlik zirvəsinə ucalan əsgərlərin məzarları göz bəbəyimiz kimi qorundu, ziyarətgaha çevrildi. Bu gün Şəhidlər Xiyabanının yanında Bakı Türk Şəhidliyi də var. Bu, xalqımızın türk əsgərlərinə verdiyi yüksək dəyərin göstəricisidir”.

Turan Rzayev
Globalinfo.az