Azərbaycan üçün tarixi şans: “Bir də beləsi olmayacaq…”

Azərbaycan üçün tarixi şans: "Bir də beləsi olmayacaq..."

“ABŞ və Avropa İttifaqının açıq dəstəyi ilə 2018-ci ilin mayında Ermənistanda hakimiyyətə gətirilən Paşinyanın qarşısına qoyulmuş əsas öhdəlik bu idi ki, o, Ermənistanı KTMT-dən çıxararaq, Avropa İttifaqı və NATO-ya yolunun önünü açacaq”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şükürlü deyib.

O, ABŞ səfirliyinin Ermənistandakı nümayəndə heyətinin əsl fəaliyyətinə diqqət çəkib:

“Rus NATO-su” adlandırılan hərbi blokun – KTMT-nin üzvü olan Ermənistanın sentyabrın 11-dən 20-dək ABŞ-la birgə keçirilməsi planlaşdırılan “Qartal tərəfdaşı 2023” adlı hərbi təlimlərə ev sahibliyi etməsi Paşinyan hökuməti ilə Kremlin münasibətlərinin artıq birdəfəlik qırılma fazasına daxil olduğunun göstəricisidir. KTMT Nizmnaməsinə görə isə, bu blokun üzvü olan ölkə başqa bir hərbi ittifaqa daxil ola bilməz və ərazisində üçüncü ölkənin hərbi bazalarını yerləşdirmək üçün də mütləq bütün KTMT üzvlərinin razılığını almalıdır.

Ancaq Paşinyanın dönəmində Ermənistan ərazisi, faktiki olaraq, qeyri-rəsmi şəkildə amerikalıların və avropalıların hərbi missiyalarının yerləşdiyi əsas məntəqəyə çevrilib: ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarının sayı bu ölkənin İraqdakı diplomatik heyətindən sonra dünyada ikinci ən böyük kontingenti sayılır və diplomat çətiri altında fəaliyyət göstərən əməkdaşlardan 1400 nəfərinin xüsusi təyinatlı ABŞ hərbçisi olduğu bildirilir. Bu hərbçilərin missiyasına həm də Paşinyanın təhlükəsizliyini təmin etmək, kritik situasiyada onu və ailəsini Ermənistandan çıxarmaq daxildir”.

Ekspert hazırda bölgədə Azərbaycan üçün tarixi fürsətin yarandığını bildirib:

“Sözsüz ki, Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginlik ən çox Azərbaycanın işinə yarayır. Azərbaycanın Qarabağda, Rusiyanın da Ermənistanda hələ “tamamlanmamış işlər”i qalıb ki, qarşılıqlı uzlaşma şəraitində hər iki tərəf ən qısa müddətdə öz məqsədinə çata bilər. Azərbaycan Qərbin şirnikləndirici və aldadıcı təkliflərinə, bütün dünya boyu aparılan anti-Putin təbliğatının təsirinə baxmayaraq, çəkinmədən Rusiya ilə əməkdaşlıq və anlaşma şəraitində Qarabağda son tamamlayıcı işlərini həyata keçirməlidir. Belə tarixi fürsət, çətin ki, yaxın gələcəkdə bir də yetişə!

Bizə Qarabağ, Rusiyaya isə Ermənistan gərəkdir!

Kim düşünürsə ki, Qərb Cənubi Qafqazda möhkəmlənsə, bizə daha faydalı olacaq, ciddi şəkildə yanılır. Qərb Cənubi Qafqazda möhkəmlənməyi bacarsa, növbəti hədəf, xaos meydanı Türkiyə və İrandır!”

Ayşən Mustafa
Globalinfo.az