Bir müddət əvvəl Rusiya Talibanı terror təşkilatı siyahısından çıxara biləcəyini açıqlamışdı. Ardınca isə Qazaxıstan Talibanı terror təşkilatı siyahısından çıxartdı.
Maraqlıdır, bu prosesə təkan verən amil nə oldu? Azərbaycanın Talibanla bağlı mövqeyi nə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Taliban bir neçə ildir Əfqanıstanda hakimiyyəti ələ keçirib və bəzi ölkələrin terror siyahısına daxil edilib:
“Hazırda terror təşkilatı siyahısından çıxarılmasının da səbəbləri var. Müəyyən geosiyasi proseslər, ABŞ-la əlaqələrin təzahürü və s. kimi səbəblər də ola bilər. Görünən isə odur ki, Taliban Əfqanıstanda hakimiyyətdə qala bildi. İlk vaxtlar təşkilatın hakimiyyətdən tezliklə gedəcəyi düşünülürdü, lakin belə olmadı. Bunda ABŞ-ın rolu danılmazdır. Taliban hələ bir neçə il də yerli idarəetmədə olacaq”.
Siyasi şərhçinin fikrincə, Rusiyanın Talibanı terror təşkilatı siyahısından çıxarmaq istəyi regionla bağlı gələcək planlarından qaynaqlanır:
“Azərbaycan da prosesdə öz partnyorlarının maraqlarına uyğun davranmağa çalışacaq. Rəsmi Bakı Talibanı tanımağa tələsməyəcək. Burada Türkiyənin də mövqeyini gözləyəcəyik”.
Safura Bənnayeva
Globalinfo.az














