Azərbaycan rayonlarında böyük narahatlıq başladı – Ekspert aydınlıq gətirdi

Azərbaycan rayonlarında böyük narahatlıq başladı - Ekspert aydınlıq gətirdi

Azərbaycan böyük ekoloji fəlakətlə üz-üzədir. Kürdə suyun səviyyəsinin 3 metr aşağı düşdüyü bildirilir. Bu çay Azərbaycanın əsas suvarma arteriyası olduğu üçün mövcud vəziyyət xüsusilə təsərrüfat sahəsində çalışanlarda ciddi narahatlıq doğurub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Kür çayında su ehtiyatının hazırkı vəziyyətindən danışıb:

“Kür çayı Azərbaycanda suvarma üçün ən geniş istifadə edilən su ehtiyatıdır. Çaydan suvarma üçün ildə 10-12 milyard kubmetrə qədər su götürülür. Kürün ümumi su ehtiyatı isə 26 milyard kubmetrə yaxındır. Amma son illərdə iqlim dəyişikliyi nəticəsində çayda su 20%-dək azalıb. Təxminən, 20 milyard kubmetrə yaxın ehtiyat qalıb ki, onun da 5-7 milyard kubmetri qonşu dövlətlər tərəfindən istifadə edilir. Buna görə də Azərbaycan ərazisində Kürdə suyun miqdarı 14 milyard kubmetrdən artıq olmur. Bunun da ildə 10-12 milyardı müxtəlif məqsədlərlə istifadə edilir”.

R.Verdiyev bu yay su ehtiyatlarının və suvarma prosesinin gözlənilən vəziyyətini açıqlayıb:

“Ötən iki illə müqayisədə 2022-ci ildən başlayaraq anbarlarda 1 milyard kubmetr daha çox su toplandığı üçün elə də ciddi problemlə üzləşmədik. Bu il çoxlu qar yağmasını nəzərə alaraq ümid edirik ki, normadan aşağı olmasına baxmayaraq, su ötən illərlə müqayisədə nisbətən çox olacaq. Bu imkan verəcək ki, çətinlikləri aradan qaldıra bilək.

Əlavə olaraq, Kür çayının aşağı hissəsində Xəzər dənizindən daxil olan duzlu suların qarşısının alınması üçün layihələr icra olunur”.

Ayşən Mustafa
Globalinfo.az