Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov aclıq aksiyası keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə R.Nəcəfov özü məlumat yayıb.
O, ona qarşı edilən ədalətsizliyə diqqət çəkmək üçün başqa çarəsinin qalmadığını ifadə edib:
“Bir ildən artıq müddətdir həbstəyəm. Bu müddət ərzində mənim işimə baxmaq üçün Bakı Ağır cinayətlər məhkəməsində iki dəfə hakimi dəyişdiriblər, aylarla da məhkəməm keçirilmədi. İndi isə ayda bir dəfə və sadəcə 15 dəqiqə ərzində işimə baxılır. Təəssüflər olsun ki, nə istintaq müddətində, nə də məhkəmə prosesində işim düzgün aparılmır”.
Rahil Nəcəfov həbsdə olduğu müddət ərzində sağlamlığını itirdiyini deyib:
“2017-ci ildə Təhsil nazirliyinin 100 yaşı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru təyin edildim. Jurnala rəhbərlik etməyə başladığımda jurnal oxunmaz vəziyyətdə idi. A4 kağızında olduqca pis halda çap olunurdu. Qısa müddətdə onu benəlxalq jurnallar səviyəsinə qaldırdım.
“SOBİAD”, “Science.İndex”, “Academia.edu”, “Crossref”, “ResearchGate” və bir sıra beynəlxalq indekslər siyahısına saldırdım. Yüksək səviyyədə, peşəkarlıqla jurnal hazırladım. Dizaynı və keyfiyyətinə görə Azərbaycanda belə səviyyədə jurnal tapmaq çətindir. Xarici ölkələrdən, hətta Çindən belə əməkdaşları jurnala cəlb edib beynəlxalq səviyyədə məqalələr çap etdirdim. Hətta Azərbaycanda ilk dəfə bizim jurnalın elektron arxivini yaratdım. Yəni 100 illik jurnalın elektron arxivi ortaya çıxdı. Jurnalın 100 illiyini təntənəli keçirib, tarixi haqqında sənədli film belə çəkdirdim. Bütün bunları demək olar ki, nazirliyin heç bir dəstəyi olmadan gerçəkləşdirdim. Ancaq indi nazirlik məni dövlət əmlakını talamaqla itham edir.
Çox kağız istifadə etmişəm, çox mürəkkəb xərcləmiş kimi səbəblərlə mənim dövlət əmlakını “taladığımı” bildirərək məhkəməyə veriblər. Nazirliyə dəfələrlə etdiyim müraciətlərimə cavab ala bilməmişəm. Nə iş gördüyümlə belə maraqlanmadılar”.
R.Nəcəfov prokrorluğun hazırladığı ittiham aktının qərəzli olduğunu bildirib:
“Həmin aktda dələduzluqla ittiham olunuram. Eyni aktda rüşvətxorluqla ittiham olunan AMEA əməkdaşı Həsənli Amal Rasim oğlu isə sərbəstdir. Görünür, Amal Həsənlinin valideynləri olan maliyyə palatasının keçmiş əməkdaşı UNEC-in professoru Rasim Həsənov və AMEA-nın Terminologiya İnstitunun direktoru professor Sayalı Sadıqovanın nüfuzu buna imkan vermir. Mən lazım olan bütün faktları prokrorluq əməkdaşlarına təqdim etdiyim halda, ittiham aktına məqaləsini çap etdirdiyim müəlliflərin siyahısını hazırlayıb onlara qarşı dələduzluq etmiş kimi qələmə veriblər. Şikayətçi qismində göstərilən insanlar da, dəfələrlə məndən şikayətçi olmaqdıqlarını, bir çoxu hətta məni tanımadığını qeyd edib”.
Rahil Nəcəfov öz dövlətindən sadəcə, ədalət istədiyini bildirib:
“Mənim imkanlarım səsimi başqa şəkildə ictimayyətə çatdırmağa əl vermir. Yoldaşım şəkər xəstəsi, oğlum isə xroniki xəstədir. Özüm də bir il ərzində bütün sağlamlığımı itirmək təhlükəsi qarşısındayam. Mənə qarşı olunanlar haqsızlıqdır.
O qeyd edib ki, aclıq aksiyası keçirməkdən başqa çarəsi qalmayıb:
“Bəlkə o zaman mənə qarşı ədalətli mövqe sərgiləyərlər. Mən Azərbaycan dövlətinin ədalətinə inanıram. İnanıram ki, mənim işim doğru araşdırlacaq və həqiqi günahkarlar öz cəzalarını alacaqlar”.
Zaira Akifqızı
Globalinfo.az














