Azərbaycan Kuboku: “Neftçi” yarımfinalda “Qarabağ”a rəqib oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Globalinfo.az xəbər verir ki, sonuncu cavab matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Qeyd edək ki, Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən “Neftçi” yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la üz-üzə gələcək.

***

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. “Qırmızı-qaralar”ın heyətində 39-cu dəqiqədə Osama Xalayla, 42-ci dəqiqədə Urfan Abbasov fərqlənib. Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən “Qəbələ” yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Ötən gün “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.