10b3116c 0040 3441 9876 c70ee9a4b654 850

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan-Gürcüstan-Ermənistan Üçtərəfli Görüşünə dair Birgə Mətbuat məlumatına əsasən, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.

Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.

Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər.

***

Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinlərinin görüşü keçirilir.

Görüşdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də iştirak edir.

***

Aprelin 17-si Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında üçtərəfli görüş keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı regional əməkdaşlığın perspektivlərinin müzakirə olunacağı bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: