“Azərbaycan əməliyyatları bu istiqamətdə aparacaq” – Şuşa Bəyannaməsi işə düşür

Ermənistanla Azərbaycan arasında son günlər münasibətlərin yenidən gərginləşməsi, rəsmi İrəvanın hərbi aktivlik nümayiş etdirməsi diqqət çəkir. Bəzi ekspertlər iddia edir ki, Ermənistan Azərbaycana qarşı hücuma hazırlaşır. Xüsusilə Qərbdən aldığı dəstəyə arxalanan İrəvan bu addımı ata bilər.

Aprelin 5-də Brüsseldə keçirilən görüşdən az sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması sübut edir ki, Paşinyan Qərbdən kart-blanş alıb.

Maraqlıdır, Azərbaycana hücum olarsa, Şuşa Bəyannaməsi işə düşəcəkmi? Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Bakı səfəri buna hazırlıqdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan konfiktoloq Azad İsazadə deyib ki, Ermənistanla Azərbaycan arasında alovlanan gərginliyin genişmiqyaslı olacağını düşünmür:

“Hesab edirəm, hazırkı gərginlik sadəcə nümayiş xarakterlidir. Rəsmi İrəvan bu yolla danışıqlar prosesində öz mövqeyini bir qədər yaxşılaşdırmaq istəyir. Bununla belə bütün ehtimalları nəzərə almalı, ona görə mövqe nümayiş etdirməliyik. Yəni gərginlik artarsa və həqiqətən də toqquşmalar baş verərsə, rəsmi Bakı da cavab addımı atacaq”.

Politoloq qeyd edib ki, Azərbaycan ilk növbədə işğal altında olan kəndləri hədəf seçəcək və əməliyyatları bu istiqamətdə aparacaq:

“Yəni rəsmi Bakı beynəlxalq hüquqla tanınan ərazilərində əməliyyatlar aparacaq. Bu halda Şuşa Bəyannaməsi işə düşməyəcək. Döyüşlər Azərbaycan ərazisinə keçsə, yəni Ermənistan hücum edərsə, bu zaman Şuşa Bəyannaməsi aktivləşə bilər. Mövlud Çavuşoğlunun Bakı səfəri buna bir mesaj idi”.

Turan Rzayev
Globalinfo.az