Azərbaycan bu addımları atmasa, təhlükə ilə üz-üzə qalacaq

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi qəbul olunub. Belə ki, təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində, LGBT mövzusunda reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcəklər.

Eyni qadağa Rusiyada da var. Bəs, Azərbaycanda da belə qanun layihələri hazırlana bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən VI çağırış Milli Məclis deputatı Ceyhun Məmmədovun fikrincə, LGBT təbliğatı bəzi Qərb dairələrinin digər ölkələrə qarşı həyata keçirdiyi siyasətdə ən çox istifadə etdiyi alətlərdən biridir.

Onun sözlərinə görə, Qərb bu aləti daha çox müsəlman ölkələrinə qarşı istifadə edir:

“Bu gün LGBT Avropanın, bəzi Qərb dövlətlərinin xüsusilə müsəlman ölkələrinə qarşı həyata keçirdiyi “Səlib yürüşü”nün bir təzahürüdür. Bunun bizə qarşı olduğunu açıq şəkildə görürük. Onlar bu tərbiyəsizliyi, əxlaqsızlığı çox vaxt insan hüquqları və azadlıqları ilə əlaqələndirirlər. Ümumiyyətlə, maraqlıdır ki, bu cür təbliğatla Qərb dövlətləri özlərinin də gələcəyini təhdid altında qoyur və özləri üçün gələcəkdə müəyyən problemlər yaradırlar. Fikrimcə, həm Rusiya, həm Gürcüstan haqlı olaraq bu addımları atır”.

Ceyhun Məmmədov

C.Məmmədov deyib ki, biz də bu təhlükəli təbliğatlardan, cəhdlərdən, addımlardan özümüzü qorumalı və sığortalamalıyıq:

“Yoxsa, gələcəkdə çox ciddi təhdid və təhlükələrlə üz-üzə qala bilərik. Ona görə də bu istiqamətdə addımların atılması təqdirəlayiqdir. Ümumiyyətlə, son zamanlar Gürcüstan dövlətinin bu istiqamətdə olduqca ciddi addımlar atdığını görürük. Dövlətin təhlükəsizliyini qorumaq və təmin etmək istiqamətində də cəhdləri açıq-aydın görünür. Bu məsələ çox önəmlidir”.

Ceyhun Məmmədovun fikrincə, bəzi Qərb dövlətləri bu gün Gürcüstanı dağıtmaq, onu uçuruma aparmaq istəyir:

“Ona görə də bu istiqamətdə addımların atılması, cəhdlərin aparılması önəmli və ümumi prosesə töhfə verən bir məsələdir. Qabaqlayıcı addımlar atılmasa, gələcəkdə Gürcüstan və digər dövlətlər təklükələrlə üz-üzə qalacaq. Bu gün Gürcüstan açıq-aydın Qərblə münasibətlərinin kəskinləşməsi istiqamətində addımlar atır. Bunun da əsas günahkarı elə Qərbin özüdür. Çünki proseslər də onu göstərir ki, Qərbin əsas məqsədi Gürcüstan cəmiyyətini parçalamaq və məhv etməkdir. Ona görə də, hazırkı dönəmdə addımların atılması Gürcüstan cəmiyyətinin monolitliyinin, gücünün, birliyinin, həmrəyliyinin qorunmasına xidmət edir. Gürcüstan çox doğru addımlar atıb”.

Zaira Akifqızı
Globalinfo.az