Müasir dövrümüzün danılmaz bir həqiqəti var ki, sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər sosial media əsasən dostlarla əlaqə qurmaq, gündəlik həyat haqda paylaşım aparmaq üçün istifadə olunurdu. Ancaq indi bu platformalar dünya miqyasında fikirlərin, ictimai və siyasi məsələlərdə mövqelərin formalaşdığı genişmiqyaslı və çoxtərəfli bir platforma halını alıb. Hətta vəziyyət elə bir hala gəlib çatıb ki, ictimai rəyin formalaşmasında, siyasi proseslərin yönləndirilməsində, hətta kütləvi hərəkatların yaradılmasında sosial media əsas alətə çevrilib.
Sosial medianın gücü danılmazdır. Bu həm də onun manipulyasiya imkanlarından irəli gəlir. Burada isə işin içərisinə botlar və ideoloji yönləndirmə taktikaları girir. Bu platformaların ən mühüm və təhlükəli tərəfləridir.
Botlar sosial medianın görünməyən aktyorlarıdır. Onları aktyor adlandırmaq əslində bəsit bir metafor deyil. Belə ki, botlar sözün əsl mənasında çox vaxt adi istifadəçilərdən fərqlənmirlər. Ancaq onların arxasında insan yox, proqramlar dayanır.
Botların sayı sosial mediada real insan istifadəçilərinin sayından çox ola bilər. Məsələn, 2024-cü ildə aparılan araşdırmalara görə, “X”-də aktiv olan hesabların təxminən 15-20%-i bot hesablarıdır. Bu rəqəm platformaların genişlənməsi və istifadəçi kütləsinin artması ilə hər il yüksəlir. Bənzər tendensiya digər sosial media platformalarında da müşahidə edilir.
Botların maraqlı xüsusiyyətlərindən biri də onların çox çevik və adaptasiya ola bilməsidir. Onlar əvvəlki nəsil botlardan fərqli olaraq yalnız avtomatik “like” və “retweet” etmirlər. Müasir botlar süni intellekt vasitəsilə insan davranışlarını təqlid edə bilir, şəxsi üslubda yazılar yaradır, hətta müəyyən mövzularda dialoqa girə bilirlər. Bu da onların sosial media istifadəçiləri arasında daha inandırıcı görünməsini təmin edir.
Digər tərəfdən, botların idarəçiləri çox vaxt onların fəaliyyətini gizlətmək üçün müxtəlif texnikalardan istifadə edir. Məsələn, botlar arasında koordinasiyalı şəkildə müəyyən mövzuya yönəlmiş kütləvi paylaşımlar etmək, eyni anda bir neçə müxtəlif dildə statuslar paylaşmaq, hətta bot hesabların müəyyən hissəsini söndürüb, digər hissəsini aktivləşdirmək kimi taktikalar istifadə olunur. Bu, onların aşkarlanmasını çətinləşdirir və sosial media platformalarının müdaxiləsini əngəlləyir.
Ümumilikdə, botlar sosial medianın görünməyən, amma güclü və təsirli oyunçularıdır. Onların fəaliyyətini anlamaq və izləmək günümüzdə informasiya təhlükəsizliyinin ən vacib elementlərindən birinə çevrilib. Bu “rəqəmsal əsgərlər”in dünyasını açmaq, həm fərdi istifadəçilər, həm də dövlətlər üçün yeni çağırışları və imkanları ortaya qoyur.
Misal üçün Azərbaycanın 44 günlük Vətən Müharibəsi və lokal xarakterli antiterror əməliyyatları zamanı cəbhədə düşmən ilə döyüşmək ilə yanaşı həm də informasiya müharibəsi və sosial media platformalarında botlarla mübarizə aparırdı. Ermənistan müharibə gedişində cəbhədə aldığı məğlubiyyətin qisasını virtual məkanda aktiv şəkildə informasiya hücumları təşkil edərək çıxmaq istəyirdi.
Ermənistan sosial mediada geniş miqyasda yalan məlumatlar, uydurma faciə hekayələri və həqiqəti əks etdirməyən görüntülər yayır, botlar koordinasiyalı şəkildə bu saxta məzmunları “like” edib, paylaşaraq onların geniş auditoriyaya çatmasını təmin edirdilər. Paralel olaraq botlar Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq, ordunun zəiflədiyi barədə yanlış təsəvvürlər formalaşdırmaq, müharibə ruhunu sarsıtmaq məqsədilə də fəaliyyət göstərirdi. Bu, düşmənin psixoloji müharibə strategiyasının vacib hissəsi idi.
Əlbəttə, Azərbaycanın təhlükəsizlik orqanları və sosial media platformalarının mütəxəssisləri bu hücumlara qarşı kompleks mübarizə aparırdılar. Misal üçün, süni intellekt əsaslı alətlər və insan faktoru birləşərək sosial mediada fəaliyyət göstərən botlar və saxta hesablar müəyyən edilir, daha sonra isə sistemli şəkildə bloklanırdı.
Rəsmi qurumlar, o cümlədən Müdafiə Nazirliyi və digər dövlət orqanları vaxtında və şəffaf məlumatlar yayımlayaraq, yalan məlumatların qarşısını almağa çalışdı. Təbii ki, botların və dezinformasiyanın təsirlərindən müdafiə üçün vətəndaşlar sosial media istifadəçiləri arasında məlumatlandırma işləri aparılırdı.
Azərbaycan botların yaratdığı təhdidlərə qarşı bu gün də sistemli mübarizə aparır. Çünki bu gün dövlətimiz bu təhdidləri real təhlükə kimi qəbul edir və bu sahədə həm müdafiə, həm də hücum xarakterli addımlar atır.
İlk növbədə, ölkədə informasiya təhlükəsizliyi sahəsində nəzarət gücləndirilib. Dövlətin müvafiq qurumları sosial mediada yayılan məzmunu daim analiz edir, xüsusilə kütləvi şəkildə yayılan dezinformasiyalar və koordinasiyalı şəkildə yönəldilmiş kampaniyalar diqqətlə izlənilir.
Azərbaycan bu prosesdə yalnız texnologiyaya arxalanmır. Eyni zamanda, cəmiyyətin informasiya savadlılığını artırmaq istiqamətində işlər aparılır. Sosial mediada rast gəlinən yalan xəbərlərin necə müəyyən ediləcəyi, şübhəli hesabların davranışlarının necə tanınacağı barədə geniş məlumatlar paylaşılır, rəsmi orqanlar dəfələrlə insanlara xəbərdarlıq edir. Bu, həm botların təsir dairəsini daraldır, həm də onları ictimai rəyə təsir etməkdə çətin vəziyyətə salır.
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq miqyasda da bu problemə qarşı təcrid olunmuş şəkildə davranmır. Qlobal sosial şəbəkələrlə, texnologiya şirkətləri və xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bot şəbəkələrinin aşkarlanması və bloklanması istiqamətində də nəticə verən addımlar atılır. Bu da göstərir ki, botlarla mübarizə lokal deyil, qlobal yanaşma tələb edən bir prosesdir.
Nəticədə, Azərbaycan bu gün həm fiziki, həm də informasiya cəbhəsində düşmənin təxribatlarının qarşısını almağa, ictimai ruhu yüksək tutmağa və xarici auditoriyada öz mövqeyini qorumağa çalışır. Botlarla mübarizə, müharibənin gedişatında informasiya təmizliyinin təmin olunması baxımından həyati əhəmiyyət kəsb etdi və bu təcrübə gələcəkdə də informasiya müharibəsi sahəsində uğur üçün əsas kimi götürülür. Buna görədə dövlət bu sahədə kompleks işlər həyata keçirir.
Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.














