“Kapitulyasiya aktı Azərbaycanın şərəf tarixidir və eyni zamanda rəsmi İrəvanın Azərbaycan qarşısında öhdəlik götürdüyü beynəlxalq sənəddir”.
Bu sözləri Globalinfo.az-a millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Fransa və İranın timsalında bəzi qızışdırıcı qüvvələrin təhriki, erməni diaspor fəallarının və daxili revanşistlərin təhdidləri altında Paşinyan hakimiyyəti prosesləri ləngidir:
“Amma dövlət başçısının Zəfərin ikinci ildönümündə Şuşadan verdiyi bəyanatda da ifadə etdiyi kimi, “Ermənistan süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.
Bu tezis, əslində, Azərbaycanın proseslərə baxışının yol xəritəsidir. Biz sülh və əməkdaşlıq mühiti arzu etsək də, milli maraqlarımız bizim üçün daha vacibdir. Ermənistan anlamalıdır ki, Azərbaycan daha bir 30 il gözləməyəcək. Ona görə də İrəvan prosesin uğurla, yekun sülh sazişi ilə yekunlaşması üçün real səy göstərməlidir. Əks halda 44 günlük savaşda olduğu kimi, bundan sonra da mümkün məcburetmə tədbirlərində kimsə Azərbaycanı dayandıra bilməyəcək”.
Zaira Akifqızı,
Globalinfo.az














