
Rusiyanın “Mərkəz” və “Şimal” qoşun qruplaşmalarına rəhbərlik etmiş general–polkovnik Aleksandr Lapin Tatarıstan Respublikası baş nazirinin müavini təyin olunub.
Globalinfo.az xəbər verir ki, təyinatı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Dövlət Şurasına illik müraciəti zamanı açıqlayıb.
Minnixanovun sözlərinə görə, Lapin yeni vəzifəsində “xüsusi hərbi əməliyyat” iştirakçılarına dəstək məsələlərinə nəzarət edəcək.
O, bu istiqamətdə Tatarıstan hökumətinin strukturunda ayrıca bölmənin yaradıldığı bildirilib.
Bununla da Lapin Tatarıstan hökumətində baş nazirin onuncu müavini olub.
Qeyd edək ki, general-polkovnik Aleksandr Lapin daha əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırovun sərt tənqidinə məruz qalıb. Kadırov xüsusilə onun Ukraynadakı döyüşlər zamanı qəbul etdiyi qərarları dəfələrlə tənqid edib.
Çeçenistan rəhbəri 2022-ci ilin oktyabrında Lapini Liman istiqamətində Rusiya qoşunlarının geri çəkilməsinə görə məsuliyyət daşımaqda ittiham etmişdi.
Kadırovun iddiasına görə, həmin istiqamətin müdafiəsinə rəhbərlik edən Lapin sərhəddə Luqanskdan səfərbər edilmiş hərbçiləri yerləşdirib və onların rabitə vasitələri və kifayət qədər sursatla təmin olunmasına lazımi diqqət göstərməyib.

Aleksandr Lapin
Safura Bənnayeva
Globalinfo.az