Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin siyahısını yayımlayıb. Maraqlıdır ki, həmin siyahıya 6 il əvvəl vəfat etmiş mərhum şair Amil Aveyin də adı daxil edilib.
Globalinfo.az məsələ ilə bağlı AYB sədri Anar Rzayevlə əlaqə saxlayıb.
O, sözügedən məsələni texniki səhv kimi dəyərləndirib:
“Allah ona rəhmət eləsin. Qeyd edim ki, AYB-nin 3 min üzvü var. Mühasibatlıq siyahını hazırlayarkən xırda bir səhvə yol verib. İndi nə edək? İnsandır, səhv edib”.
Xalq yazıçısı 5 il üzvlük haqqını ödəməyənlərin AYB-dən kənarlaşdırıldığını da bildirib:
“AYB yaranandan üzvlük haqqı tələbi mövcuddur. Hamı bilir ki, 5 il ardıcıl olaraq ödəməyənlər kənarlaşdırılır. Buna baxmayaraq, 8-10 il ərzində haqq ödəməyənlər də var”.
“Dövlət sizin üçün maliyyə dəstəyi ayırırmı” sualına isə Anar Rzayev belə cavab verib:
“Bəli. Hələ Ümummilli lider Heydər Əliyevin vaxtında müraciət etmişdik ki, bizə maliyyə ayrılsın. Hazırda da bu dəstək davam edir”.
Zaira Akifqızı
Globalinfo.az