Ağalar Bayramovdan gündəm olan rəqsi haqda AÇIQLAMA

“Səsvermə zamanı sevincimdən rəqs edirdim, çünki başımızdan düşmüş papağımızı qəhrəmanlarımızla birlikdə yerdən qaldıran, sınmış vüqarımızı dikəldən, dünya dövlətləri arasında üzümüzü ağ edən, bizi qınaqdan qurtaran adama – Müzəffər Ali Baş Komandanıma səs verdim”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Dövlət və Mədəniyyət İncəsənət Universitetinin professoru, Əməkdar artist Ağalar Bayramov seçki məntəqəsində rəqs etməsinə aydınlıq gətirərkən deyib.

“30 il ərzində biz Şuşa, Xankəndi, Xocalı, Ağdam, Laçın və işğalda olan digər ərazilərimizdə səs verə bilirdik?! Amma budəfəki seçkidə bütün Qarabağda səs verdik. Bundan böyük sevinc var? Hələ az oynamışam! Mən vətənimi təmənna güdmədən sevirəm! Qanlı-qadalı günlər görmüş adamam. Ona görə də bu günü o günlərlə müqayisə edib, rəqs edirəm”, – o bildirib.

Ağalar Bayramov həm də 9 yaşında vəfat etmiş oğlunun Qubadlıda qəbrini ziyarət edə bildiyini qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az