“Ayaq üstə dayana bilməyən qaziyə əlillik vermədilər” – Deputatdan nazirliyə sərt ittihamlar

Bir neçə gün öncə deputat Vahid Əhmədov müharibə veteranlarına verilən 80 manat müavinətin artırılmasını təklif edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) isə prinsipial olaraq bu məsələyə biganə yanaşdığını vurğulayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Vahid Əhmədov deyib ki, bu gün ƏƏSMN-də nəinki veteranlara, bir çox xəstəliyi olan şəxslərə qarşı biganə yanaşılır.

O, adıçəkilən nazirliklə bağlı narazılıqların çox olduğunu bildirib:

“Vallah, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı bizə çox müraciətlər daxil olur. Yalnız müharibə veteranları deyil, şəhid ailələri, digər xəstəliklərlə bağlı əlillik dərəcəsi ala bilməyən şəxslər də şikayət edirlər. Razıyam, bu şikayətçilər arasında haqlı olmayanları da var, amma aralarında doğrudan da əlillik dərəcəsi almalı olan adamlar kifayət qədərdir. Biz də bunları göndəririk ƏƏSMN-nə ki, araşdırılsın. Sizə adi misal çəkim: deməli, bir neçə gün öncə qəbuluma Xocavənd uğrunda döyüşərkən qəlpə yarası alan qazi gəlmişdi. Adam ayaq üstündə dayana bilmirdi, başı əsirdi. Məsələ belədir ki, müharibədən sonra nə qədər çalışsalar da, əlillik dərəcəsi ala bilmirlər. Bundan sonra aidiyyəti quruma zəng vurmuşam ki, bu adam ayaqları üstündə dayana bilmir, onu yenidən müayinə edin və əlillik təyin olunsun. Deyiblər “gəlib müayinədən keçsin”. Qazi gedib, lakin yenidən imtina veriblər. Bunun hansı birini sadalayım mən?!”

Deputat deyib ki, özü də daxil olmaqla bir neçə deputat veteranların 80 manat aldığı müavinətin artırılmasını dilə gətirir:

Vahid Əhmədov və Sahil Babayev

“Az qala bütün deputatlar bu məsələyə toxunublar. Nəticə yoxdur! Deyirlər, guya 80 manat veteranların kommunal xərcləri üçün ödənilir. Gəlin görək, hansı evdə 80 manatla kommunal xərcləri ödəmək mümkündür?!”

V.Əhmədov dünən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdüyünü bildirib:

“Dünən nazir Sahil Babayev gəlmişdi, görüşdük, bəzi məsələlərə aydınlıq gətirdi və s. Milli Məclisin sədri Sahibə Qafarova çox yaxşı təklif irəli sürdü ki, artıq toplaşmaq, dairəvi masalar təşkil etmək lazımdır. Həmin masalarda da deputatlar, nazirlik, komitə sədrləri tərəfindən təkliflər müzakirə olunmalıdır. Anlayırıq, burada söhbət maliyyədən gedir. Amma elə məsələlər var ki, onlar mütləq indi həllini tapmalıdır. Çünki insanlar artıq haqlı olaraq şikayət edirlər. Ümid edirəm ki, nazirlə görüşdən sonra nəticə əldə olunacaq”.

Deputatın fikrincə, 2024-cü ilin sonuna kimi veteranların müavinəti artırıla bilər:

“Dünənki görüşdən sonra müsbət dəyişikliklər gözləyirik. Bu ilin sonuna kimi veteranların müavinəti artırıla bilər. Hər şey mümkündür”.

Vahid Əhmədov Sahil Babayevlə aralarında heç bir problemin olmadığını qeyd edib:

“Dünən Sahil Babayev də bəzi məsələlərə aydınlıq gətirdi. İnandırım sizi, bizim nazirlə heç bir problemimiz yoxdur. Sadəcə, bizə daxil olan müraciətlərin həll olunmasının tərəfdarıyıq. İnanırıq ki, məsələ öz həllini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az