“Avtoş” Qarabağ qazisi 1 aylıq həbs edildi

“Avtoş” Qarabağ qazisi 1 aylıq həbs edildi

Gəncədə “avtoş”luq edən Daşkəsən sakini həbs edilib.

Globalinfo.az xəbər verir ki, Daşkəsən rayonunun Çıraqlı kəndində anadan olmuş 2000-ci il təvəllüdlü Torğul Ağayev (şərti ad və soyadlı) saxlanılıb. Onun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gəncənin küçə və prospektlərində mütəmadi avtoxuliqanlıq əməlləri törətməsi və bu əməllərini videoya çəkərək TikTok platformasında yayması müəyyən edilib. T.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə avtoxuliqanlıq edən 22 yaşlı gənc Vətən Müharibəsində döyüşdüyünü, Qarabağ qazisi olduğunu bildirib. O, bir daha belə əməllər törətməyəcəyini deyərək yüngül cəza verilməsini xahiş edib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “avtoş”luq edən qaziyə 1 ay müddətinə həbs cəzası verilib.

Zaira
Globalinfo.az