Avstraliyada avtomobilini yüksək sürətlə idarə edən şəxslərin maşınları dövlət tərəfindən müsadirə edilərək əzilib parçalana və ya satıla bilər. İsveçrədə isə maşının qiymətinə görə cəza kəsilir: 200 minlik maşının sahibi 10-20 min avro, 10 minlik maşının sürücüsü isə məsələn, 500 avro cərimə ödəyir. Azərbaycanda da hər gün sürət həddinə görə qəzalar baş verir, ölənlər, xəsarət alanlar olur. Bir müddət öncə ölkədə cərimələrin məbləğinin artırılmasına baxmayaraq, bu metod bəzi sürücülərə təsir etməyib.
Maraqlıdır, Azərbaycanda da Avstraliya və ya İsveçrədə olduğu kimi sərt tədbirlərin görülməsi mümkündürmü?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov deyib ki, Avropa və Amerika standartları tamamilə fərqlidir:
“Onların “Yol hərəkəti haqqında” qanunları da fərqlidir, cərimələri də. Avropada peşəkar bir sürücü yeni sürücülük vəsiqəsi alan şəxsə bir müddət zamin durmalıdır. İlk dəfə 6 ay, sonra 1 il, növbəti dəfə 1,5 ay. Həmin müddət ərzində sürücü özünü doğrultmasa, cərimə olunsa, həm zamin duran şəxsə töhmət verilir, həm də sürücüyə məhdudiyyətlər tətbiq olunur. Bu baxımdan da daxili qanunlar fərqli ola bilər”.
R.Həsənov deyib ki, Azərbaycanda bu məsələ dövlət tərəfindən parlamentdə müzakirəyə çıxarılsa da, nəticəsi olmadı:
“Sadəcə, avtomobili yüksək sürətlə idarə edən şəxslərin cəriməsinin məbləği artırıldı. Amma bununla heç nə həll olunmur. Cərimələri artırmaqla yüksək sürətin, qəzaların qarşısını almaq mümkün deyil. Burada yalnız maarifləndirmə önəmlidir”.
Zaira Akifqızı
Globalinfo.az














