Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması Şimali Atlantika Alyansında ciddi narahatlıq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, hadisə NATO-nun şərq cinahında təhlükəsizliklə bağlı yeni gərginlik yaradaraq, ABŞ-ın müttəfiqlərinə qarşı təhlükəsizlik öhdəlikləri barədə mübahisələri gücləndirib.
NATO rəhbərliyi insidentdən sonra alyansın şərq sərhədində hərbi varlığın artırılacağını açıqlayıb. Bu addım Avropa ölkələrinin də sərhəd bölgələrinə əlavə qüvvələr yerləşdirməsi ilə müşayiət olunur.
ABŞ-da nəşr olunan “The Atlantic” jurnalında dərc edilən “NATO üçün sonun başlanğıcı” adlı məqalədə isə bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Avropaya təhlükəsizlik öhdəlikləri ilə bağlı qeyri-müəyyən mövqeyi alyansın gələcəyi haqda ciddi suallar doğurur.
Məqalədə NATO-nun Baş katibi Mark Ruttenin Trampa “ata” kimi müraciət etməsi, həmçinin Avropa liderlərinin alyansın davamlılığını təmin etmək üçün Vaşinqtonla gərgin diplomatik oyuna getməsi vurğulanıb.
Tahir Turan
Globalinfo.az