ATƏT-lə bağlı sensasion bəyanat – təşkilatın ləğvi anons edildi

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ATƏT-in bir təşkilat kimi mövcudluğunu dayandıra biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, ATƏT qarşıdakı 6 ay ərzində böhranla üzləşəcək. Belə ki, Rusiya və Belarus Estoniyanın 2024-cü ildə təşkilata sədrliyini həvəssiz şəkildə təsdiqləyəcək.

Maraqlıdır, ATƏT-in ləğv olunması, təşkilat kimi fəaliyyətini dayandırması mümkündürmü? Əgər ATƏT ləğv olunsa, bu, dünyanın siyasi arenasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ATƏT-in bir təşkilat kimi fəaliyyəti böyük suallar doğurur:

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də mənasız danışıqlar, imitasiya xarakteri daşıyan görüşlər, heç bir məntiqi nəticəsi olmayan təmaslar məhz ATƏT-in mandatı altında baş tutdu. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədi, status-kvo saxlanılmağa çalışılırdı. Bir çox halda işğala məruz qalan ilə işğalçı eyni cür qiymətləndirilirdi.

İlyas Hüseynov

Bu gün ATƏT-in Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç bir tutarlı fəaliyyəti müşahidə edilmir. Əli-qolu bağlı heç bir təsir imkanı olmayan təşkilatın mövcudluğu lüzumsuz və faydasızdır.

Təşkilatın ləğv edilməsi və ya fəaliyyətini dayandırması əslində tez-tez gündəmə gəlir. Məsələ ondadır ki, dünya nizamı dəyişir və bu dəyişimə ayaq uydura biləcək institutlara ehtiyac var. Misal üçün, bu gün ATƏT fəaliyyət göstərdiyi bir zamanda həm də Avropa Siyasi Birliyi formalaşır. Bu isə ona dəlalət edir ki, ATƏT saxlanıla bilər, ancaq ölü təşkilat kimi qalacaq”.

Turan Rzayev
Globalinfo.az